“Qanımızın səsi” kitabının təqdimat mərasimi keçirilib

“Qanımızın səsi” kitabının təqdimat mərasimi keçirilib

"Galereya-1969" sərgi salonunda Mirzə Ələkbər Sabir Fondunun və Fondun prezidenti Sevda Tahirlinin "Qanımızın səsi" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkilləri, QHT və KİV nümayəndələri, şair və yazıçılar iştirak edib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan İctimai Televiziyanın əməkdaşı Vəsilə Vahidqızı tədbir haqqında iştirakçıları məlumatlandırıb.

Daha sonra Fondun prezidenti Sevda Tahirli qonaqları salamlayıb.

O, qeyd edib ki, Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə yaradılıb, 29 iyun 2012-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Fondun əsas məqsədi Mirzə Ələkbər Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. Fondun əsas vəzifələri Mirzə Ələkbər Sabir yaradıcılığını gənclər arasında təbliğ etmək, M.Ə.Sabir irsinin öyrənilməsinə gənc araşdırmaçıları cəlb etmək, M.Ə.Sabir yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır. Mirzə Ələkbər Sabir Fondu 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi" layihəsini icra edib.

Daha sonra Mirzə Ələkbər Sabirin gəlini Zemfira Tahirli, Milli Məclisin deputatı Musa Qasımlı, yazıçı-publisist,teleaparıcı Orxan Fikrətoğlu, "Dədə Qorqud" Milli Fondunun prezidenti Eldar İsmayılov, professor Alxan Bayramoğlu, şair Səlim Babullaoğlu, "Millennium Turizm" MMC-nin direktoru Ruslan Quliyev və başqaları çıxış edərək Fond haqqında öz fikirlərini bildiriblər.

Fondun prezidenti Sevda Tahirli müəllifi olduğu "Qanımızın səsi" adlı kitabı haqqında da məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə