Respublika elektrik enerjisi sistemində məqsədyönlü tədbirlər həyata keçirilir
Enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir. SİA-nın məlumatına görə, dünyanın bir çox ölkələri bu problemin həlli ilə əlaqədar maraqlı tədbirlər həyata keçirirlər. Respublika elektrik enerjisi sistemində də bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. O cümlədən, respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda da bu işlər uğurla həyata keçirilir. Belə layihələrdən biri ümumi gücü 525 MVt olan "Sumqayıt" elektrik stansiyasıdı. Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edib. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var. Stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Sözügedən stansiyadan "Azərenerji" ASC-nin mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin oktyabr ayında burada 173,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə 2 milyard 503 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.
Bildirilib ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasında digər texniki iqtisadi göstəricilərdə də müsbət nəticələr əldə edilib.
Stansiyanın optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilib. Payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş işlər əsasən başa çatdırılıb. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin oktyabr ayının sonlarından başlayaraq stansiyanın əsas avadanlıqlarında təftiş işləri başlanılıb. Bundan əlavə, layihə əsasında dəniz su sistemində yeni dövretmə xəttinin və nasosxananın tikintisinə başlanıb. Tikinti quraşdırma işləri davam edir.
Yeri gəlmişkən, digər müəssisələrdə olduğu kimi burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunub. O cümlədən, stansiyanın konteyner meydançasının yanğın təhlükəsizliyini təmin etmək məqsədilə də əməli işlər həyata keçirilib. Eyni zamanda, stansiyanın istehsalat xüsusiyyəti nəzərə alınmaqla, işçilərin biliklərinin artırılması məqsədilə təsdiq edilmiş cədvəl əsasında, xüsusi yanğın təhlükəsizlik tədbirləri üzrə yanğın texniki minimum kursları keçirilib.
Xatırladaq ki, ümumi gücü 525 MVt olan bu stansiyada iki ədəd qaz və bir ədəd buxar turbini quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB