“Bakı–2015” Avropa Oyunlarına hazırlıq işləri yüksək qiymətləndirilir

“Bakı–2015” Avropa Oyunlarına hazırlıq işləri yüksək qiymətləndirilir

Noyabrın 23-də Romada Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasının yekununa və "Bakı–2015" Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilk dəfə ölkəmizdə keçiriləcək "Bakı–2015" Avropa Oyunlarının ənənə halı alacağına əminliyini bildirib. Ötən ay Avropa Oyunları Əlaqələndirmə Komitəsinin növbəti toplantısının keçirildiyini xatırladan nazir tədbirin uğurla nəticələndiyini diqqətə çatdırıb. Qeyd edib ki, toplantıda Bakıda Avropa Oyunlarına hazırlıq istiqamətində görülən işlərə yüksək qiymət verilib: "Bu bir daha təsdiq edir ki, biz doğru yoldayıq".

Nazir diqqətə çatdırıb ki, "Bakı–2015" Avropa Oyunlarının iştirakçıları ölkəmizdə möhtəşəm bir tədbirin şahidi olacaqlar. Bunun üçün Azərbaycan hökuməti tərəfindən lazımi tədbirlər həyata keçirilməkdədir. Belə ki, paytaxtımızda yaradılan idman infrastrukturu, Atletlər Kəndinin inşası, nəqliyyat sisteminin təkmilləşdirilməsi və digər tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Konfransda çıxış edənlər ölkəmizdə "Bakı–2015" Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını və qısa müddətdə artıq bir sıra idman obyektlərinin hazır olduğunu vurğulamışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə