Londonda Azərbaycanın biznes və investisiya mühiti təqdim edilib

Londonda Azərbaycanın biznes və investisiya mühiti təqdim edilib

Məlumat verildiyi kimi, noyabrın 19-da AYİB-in Londondakı baş qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təşkilatçılığı, ölkəmizin Böyük Britaniyadakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan Günü" keçirilib.

Tədbirdə Azərbaycanın tarixi, iqtisadi uğurları, mədəniyyəti, habelə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, iştirakçılara bu barədə müxtəlif materiallar paylanıb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın iqtisadi uğurları, həyata keçirilən iri layihələr, ölkəmizdə yaradılmış biznes və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf şirkətin fəaliyyəti, AYİB-lə əməkdaşlığı, həyata keçirdiyi birgə layihələr və bankla əlaqələrin genişləndirilməsinə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda sistemli antikorrupsiya tədbirləri həyata keçirilir. İqtisadi inkişafın dayanıqlığı, iqtisadiyyatın şaxələndirilməsi eyni zamanda ölkədəki makroiqtisadi sabitlikdən, investisiya mühitinin daha da yaxşılaşdırılmasından, şəffaflığın təmin edilməsindən asılıdır. Bu baxımdan Azərbaycanda müfəssəl qanunvericilik bazası yaradılmış, e-xidmətlərin geniş tətbiqinə başlanıb. ASAN xidmətin fəaliyyəti bu sahədə atılan növbəti addımdır.

Kamran Əliyev məlumat verib ki, şəffaflığın artırılmasına və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaya uyğun olaraq, 2007-2011-ci illəri əhatə edən Tədbirlər Planı həyata keçirilmişdir və hazırda 2012-2015-ci illər üzrə Tədbirlər Planının icrası davam etdirilir. Korrupsiyaya qarşı mübarizənin özəl bölmənin inkişafında əhəmiyyəti nəzərə alınaraq, mütəmadi maarifləndirmə işləri aparılır. Bütün bunlar Azərbaycanda şəffaflığın daha da artırılmasına, eləcə də özəl bölmənin inkişafına real dəstəkdir.

"Azərbaycan Günü"ndə çıxış edən xarici sərmayədarlar ölkəmizdəki işgüzar mühiti yüksək qiymətləndirmiş, buradakı fəaliyyətlərindən məmnunluqlarını ifadə ediblər.

"HOLCİM-Azərbaycan" ASC-nin baş direktoru Rossen Papazov deyib: "HOLCİM" Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Burada yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, bu illər ərzində biz Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmişik. Fikrimcə, Azərbaycandakı uğurların əsasını buradakı əlverişli investisiya mühiti, özəl bölməyə dövlətin dəstəyi, sürətli iqtisadi inkişaf və böyük iqtisadi potensial təşkil edir. Vacib amillərdən biri də ölkədə bacarıqlı və yüksək ixtisaslı işçi qüvvəsinin olmasıdır. Azərbaycanın inkişafına inandığımızdan daha iri layihələrə başladıq və dəyəri 300 milyon avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni Sement Zavodunu inşa etdik. Maraqlıdır ki, bu layihəyə dünyada baş verən qlobal maliyyə və iqtisadi böhran zamanı başladıq və nəticə göstərir ki, yanılmamışıq və bu layihə "HOLCİM Qrup"un tarixində ən uğurlu layihələrindəndir".

"Bakı Gəmiqayırma Zavodu" MMC-nin baş meneceri Devid Loh qeyd etmişdir ki, "KEPPEL" şirkəti olaraq, Azərbaycanda layihələr həyata keçirdikcə, bu ölkəyə investisiya yatırmaqda yanılmadığımıza bir daha əmin olduq. Hazırda yerli tərəfdaşlarımızla birlikdə 470 milyon ABŞ dolları dəyərində Bakı Gəmiqayırma Zavodunun tikintisini başa çatdırıb və zavodun istismarına başlamışıq. Bu layihə Azərbaycanın gəmi donanmasının genişlənməsinə, gəmiçilik sənayesinin inkişafına böyük töhfə verəcək. Biz bu ölkənin səmərəli biznes mühitindən, əlverişli investisiya şəraitindən yararlanmaqla Azərbaycandakı fəaliyyətimizi genişləndirmək niyyətindəyik.

"CNIM Azərbaycan" MMC-nin idarə heyətinin üzvü Stefano Kosta Azərbaycan dövlətinin iqtisadi inkişafı təmin etməklə yanaşı, ekoloji məsələlərə də xüsusi diqqət yetirdiyini təqdirəlayiq hal kimi qiymətləndirərək deyib: "Biz Azərbaycanda ekoloji sahədə iri və ən müasir texnologiyalara əsaslanan bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi layihəsini uğurla həyata keçirmişik. Azərbaycandakı əlverişli mühit bizə bu mühüm layihəni keyfiyyətlə və vaxtında icra etməyə imkan yaratmışdır. Ölkədəki səriştəli kadr potensialını nəzərə alaraq, zavodun idarə edilməsinə əsasən yerli mütəxəssisləri cəlb etmişik. Gələcək illərdə zavodun idarəçiliyi tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcəkdir. Bütün bunlar isə Azərbaycandakı əlverişli işgüzar şəraitin, dövlətin bu sahəyə yüksək diqqətinin göstəricisidir".

AYİB prezidenti Suma Çakrabarti də Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib: "Bu ilin iyulunda Bakıda olarkən sürətli inkişafın şahidi oldum və qısa müddətdə görülən işlər məni təəccübləndirdi. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi iqtisadi inkişafın əsas hədəflərindəndir. Bankın Azərbaycana dair ölkə strategiyasını "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun hazırlayırıq və bu konsepsiya əməkdaşlığımızın daha da genişləndirilməsi üçün geniş imkanlar yaradır. AYİB növbəti illərdə də Azərbaycanda fəaliyyətini özəl sektorun dəstəklənməsi və qeyri-neft sektorunun inkişafı istiqamətlərinə yönəldəcəkdir. Hesab edirəm ki, AYİB qərargahında "Azərbaycan Günü"nün keçirilməsi çox əlamətdar hadisədir və Azərbaycanın uğurlarının tanıdılmasına, habelə əlaqələrimizin inkişafına töhfəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə