DSX Məhəmməd Abbasquliyevin vəfatı ilə bağlı nekroloq yayıb

DSX Məhəmməd Abbasquliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qurumun rəis müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyevin vəfatı ilə bağlı nekroloq yayıb. SİA-ya DSX-dan verilən məlumata görə, nekroloqda qeyd olunur ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsinə ağır itki üz verib. General-mayor Məhəmməd Abbasqulu oğlu Abbasquliyev 48 yaşında vəfat edib.

M.Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kəlboruc Dizə kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet Ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə M.Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.

"General-mayor Məhəmməd Abbasquliyev tutduğu vəzifələrdən asılı olmayaraq özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcprübəli komandir kimi tanıdıb. Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında, DSX-ində aparılan islahatların həyata keçirilməsində, şəxsi heyətin Milli dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olub", - deyə nekroloqda qeyd olunub.

Nekroloqda həmçinin vurğulanıb ki, M. Abbasquliyev xidməti dövründə əldə etdiyi nailiyyətlərə görə, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlər, Azərbaycanın və xarici dövlətlərin 12 medalı ilə təltif edilib.

Mərhumun dəfn mərasimi noyabrın 23-ü saat 11:00-da II Fəxri Xiyabanda keçiriləcək.

General-mayor Məhəmməd Abbasquliyevin əziz xatirəsi onun tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə