AMEA-da “Aqrar və ekologiya elmləri” jurnalı təsis edilib

AMEA-da “Aqrar və ekologiya elmləri” jurnalı təsis edilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Aqrar və ekologiya elmləri" jurnalı təsis edilib. SİA-nın məlumatına görə, bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək son illər Azərbaycanda aqrar sahənin inkişafı, ətraf mühitin öyrənilməsi və mühafizəsi istiqamətlərində tədqiqatların genişləndirildiyini, mühüm nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırıb.

Akademik bildirib ki, dünyada, həmçinin ölkəmizdə elmin bu sahələrində baş verən yenilikləri elmi ictimaiyyətə çatdıracaq belə bir nəşrin təsis olunmasına zərurət çoxdan yaranıb.

AMEA-nın Aqrar Elmlər Bölməsinin rəhbəri, akademik Qərib Məmmədov əlavə edib ki, jurnalın çapında məqsəd aqrar və ekologiya elmlərində aparılan tədqiqatların nəzəri, praktiki və texniki nəticələrinin elmi ictimaiyyətə çatdırılmasıdır. "Aqrar və ekologiya elmləri" Azərbaycan, Rus və və ingilis dilərində nəşr olunacaq.

İclasda jurnalın Redaksiya heyəti də müəyyən edilmiş, baş redaktor Q.Məmmədov təyin olunub. Redaksiya heyətinin tərkibinə Azərbaycanın görkəmli alimləri ilə yanaşı Beynəlxalq Torpaqşünaslar Cəmiyyə­ti­nin eks-baş katibi və Avropa Tor­paq­şünaslarının elmi cəmiyyətlərinin Konfederasiyasının Fəxri prezidenti, akademik Emeritus Vinfrid Blyum, Avropa Torpaqşünaslar Cəmiyyətləri Konfederasiyasının (ECSSS) və İta­li­ya Torpaqşünaslar Cəmiyyətinin (SİSS) prezidenti, akademik Nikola Senesi, həmçinin Rusiya, Barselona, Belorus, Moldova və Gürcüstanın tanınmış alimləri də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə