Ölkəyə partlayıcı maddələrin gətirilməsinin qarşısı alınıb

Ölkəyə partlayıcı maddələrin gətirilməsinin qarşısı alınıb

Son zamanlar bəzi cinayətkar ünsürlər tərəfindən ölkəmizə partlayıcı maddələrin gətirilməsinə cəhd göstərilir. Lakin respublikamızın gömrük orqanları bu kimi qaçaqmalçılıq hallarının qarşısını vaxtında alır, mütəmadi olaraq operativ əməliyyat tədbirləri həyata keçirir.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu günlərdə Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda partlayıcı maddə olan barıtın gətirilməsinin qarşısı alınıb.

Respublikamızın şimal sərhəddindən - Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Eyvazov Qəşəm Durbala oğlu tərəfindən idarə olunan "İkarus-256" markalı, 50 BN 073 nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı iki ədəd arxa sağ və bir ədəd arxa sol işlək təkərlərin içərisindən gömrük nəzarətindən gizlədilmiş 140 kiloqram partlayıcı maddə-barıt aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə