Vitse-spikerdən millət vəkilinə: "Nə qədər böhtan, yalan olar?"

Vitse-spikerdən millət vəkilinə: "Nə qədər böhtan, yalan olar?"

Bu gün Milli Məclisin plenar iclasında "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri" haqqında qanunun müzakirəsi zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev Ədliyyə Nazirliyində qeydiyyat üçün müraciət edənlərin problemlərlə qarşılaşdığını bildirib. SİA-nın məlumatına görə, millət vəkili qeyd edib ki, nazirlikdən geri qaytarılan məktubda yazılır ki, adı məzmunu ilə bağlı deyil.

"Ədliyyə Nazirliyi işini düzgün qurmayıb. Bu nazirlikdə tapşırıqlar xüsusi önəm daşıyır. Bu gün Ədliyyə Nazirliyində qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı çox biabırçı vəziyyət yaranıb. Burada heç bir qanuna hörmətdən söhbət gedə bilməz. Bütün QHT-lərə standart şəkildə yazılan məktublarda təşkilatın adı onun məzmunu ilə uyğunluq təşkil etmir. Daha sonra isə təşkilatın adı dəyişidirilib başqa QHT-lərə göndərilir. Qeyri-rəsmi məlumatlar yayılır ki, guya hər hansi bir icra başçısı və dövlət məmurundun zəmanət almalısan ki, tənqidi fəaliyyətlə məşğul olmayasan. Təbii ki, bu da Azərbaycanı gözdən salan cəmiyyəti narazı salan bir məsələdir. Vətəndaş qanunda nəzərdə tutulan bütün sənədləri hazırlayıb Ədliyyə Nazirliyinə təqdim edirsə, onlar da bunu qeydə almalıdır. Hətta nazir müavinləri də məsələlərə müdaxilə edirlər" - deyə millət vəkili Qüdrət Həsənquliyev məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bu sözlərə görə Q.Həsənquliyevin çıxışına müdaxilə edib: "Axı biz burda qanun layihəsi müzakirə edirik. Qanun layihəsi ilə bağlı əlavə fikriniz yoxdursa, məsələni yekunlaşdıraq. Ayrı-ayrı şəxslərin adını hallandırmaq olmaz. Əlinizdə heç bir fakt yoxdur. Nə qədər böhtan, yalan olar? Çıxışınızı yekunlaşdırın".

Qüdrət Həsənquliyev isə vitse-spikerə belə cavab verib: "Bu böhtan deyil, əlimdə yetərincə faktlar var və onları şəxsən sizə təqdim edə bilərəm Bizim işimiz burda problemlərdən danışmaq və nazirliklərin də öz işlərinə məsuliyyətlə yanaşmasını tələb etməkdən ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə