Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Rəyasət Heyətində təşkil olunmuş tədbirdə AMEA rəhbəri son zamanlar akademiyada həyata keçirilmiş islahatlardan, maddi-texniki bazanın gücləndirilməsi, innovasiya xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi, əməkdaşların mənzil və iş şəraitinin yaxşılaşdırılması, dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin qurulmasından danışıb.
Bildirib ki, akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələri gücləndirmək və tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək məqsədi ilə AMEA-nın elmi müəssisələrinin strukturları yenilənir. Akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının axtarılması məqsədi ilə AMEA Elmi Müəssisələrinin Direktorları Şurası yaradılıb.
Son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verildiyini, yüksəkixtisaslı gənc alim və mütəxəssislərin yetişdiyini deyən akademik Akif Əlizadə vurğulamışdır ki, onların intellektual inkişafına nail olmaq üçün AMEA-da Gənc Alim və Mütəxəssislər şuraları təsis olunur.
İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması mühüm addımlardan biri kimi qiymətləndirilib və əldə olunan elmi nəticələrin tətbiqi istiqamətində aparılan islahatların davam etdiyi vurğulayıb. AMEA-nın biznes təşkilatları və QHT-lərlə birgə innovativ fəaliyyətinin formalaşdırıldığı, Təcrübə-Sənaye Zavodunun elmi-innovativ fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər aparıldığını bildirib.
Elmi tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasını əsas hədəflərdən hesab edən akademik A.Əlizadə bununla bağlı "Thomson Reuters"in nümayəndələri ilə görüşündən söz açıb. Belə ki, alimlərin qlobal elmi bazaya çıxış təcrübəsini artırmaq üçün xüsusi təlim, seminar və kursların təşkili nəzərdə tutulur. Hazırda ictimaiyyətlə əlaqələrin qurulmasının, AMEA-nın bütün institut və təşkilatlarında bu işə məsul şəxslərin təyin edilməsinin vacibliyi də vurğulanıb.
B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşin, "Schlumberger" şirkətinin Moskva ofisinin nümayəndə heyətinin rəhbəri Georgiy Karnauxov, Yaponiyanın "Tokyo Boeki Technology Ltd" şirkətinin prezidenti Kazuey Uçida və Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakovla görüşlərindən bəhs edən A.Əlizadə bu qurumlarla qarşılıqlı əməkdaşlığın inkişafı imkanlarının müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirmişdir ki, bu istiqamətdə işlər elmi-innovativ fəaliyyətin təşkili sahəsində beynəlxalq təcrübədən faydalanmağa xidmət edir.
Elmi kadr hazırlığına toxunan AMEA rəhbəri "Gənclər üçün Prezident Mükafatı"na namizədliyi irəli sürülmüş 8 alimdən danışıb, onların böyük potensiala malik olduqlarını vurğulanıb. Həmçinin, bu il Prezident İlham Əliyevin dəstəyi ilə 10-dan çox gənc tədqiqatçının Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndəriləcək, apardıqları tədqiqat işlərinin nəticələri elmi şuralarda müzakirəyə çıxarılacaq. Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri stimullaşdırmaq məqsədi ilə "Nizami Gəncəvi adına Qızıl medal"ın təsisi, əsasnaməsinin təsdiq olunması üçün ölkə prezidentinə müraciət ediləcəyini deyən A.Əlizadə bununla alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirəcəyini söyləyib.
AMEA əməkdaşlarının mənzil problemlərinin həlli, müasir tələblərə cavab verən səhiyyə, ticarət və istirahət mərkəzlərinin yaradılması mətbuat konfransında xüsusi diqqət çəkən məsələlərdən olub. Qeyd edilib ki, "Akademiya şəhərciyi"ndə Mərkəzi Elmi Kitabxananın və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin inşası, Kimya Problemləri, Fizika və Geologiya institutlarında aparılan əsaslı təmir bu ilin sonunda yekunlaşacaq.
Elmin inkişafını dəstəkləyən fərman və sərəncamların icra vəziyyəti ilə bağlı məlumat verən akademik Akif Əlizadə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın daha bir ilinin yekunlaşdığını və AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanacağını qeyd edib.
Sonda AMEA-nın 70 illiyinə hazırlıq işlərindən söhbət açan akademik Akif Əlizadə yubileyin təntənəli qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılacağını söyləyib. Azərbaycan alimlərinin I qurultayının keçiriləcəyini söyləyən AMEA rəhbəri bununla bağlı veb saytın hazırlanması, "Azərbaycan alimləri" adlı bələdçi kitabın və alimlərin peşə bayramının qeyd olunması üçün "Elm günü"nün təsis ediməsi ilə əlaqədar ölkə Prezidentinə müraciətin də hazırlanacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB