Yunanıstanın Saloniki şəhərində 2016-cı ilin Avropa Gənclər Paytaxtı rəsmi olaraq Gəncə elan olunub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2016-cı ilin Avropa Gənclər Paytaxtının müəyyən edilməsi Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Gənclər Təşkilatları Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunub. 2016-cı ilin Avropa gənclər paytaxtına namizədliyini təqdim edən ölkələr sırasından aşağıdakı 6 ölkə final mərhələsinə keçib.
- Badajoz (İspaniya)
- Qalvey (İrlandiya)
- Gəncə (Azərbaycan)
- Laquna (İspaniya)
- Varna (Bolqarıstan)
- Vilnus (Litva)
2016-cı ildə Avropa Gənclər Paytaxtı olmaq üçün Avropanın Coruña (İspaniya), Gran Canaria (İspaniya), Konya (Türkiyə), Limassol (Kipr) və Plovdiv (Bolqarıstan) şəhərləri də öz namizədliyini irəli sürüblər.
Avropa Gənclər Paytaxtı seçilən hər bir şəhər həmin şəhərdə fəal gənclər fəaliyyətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanır.
Xatırladaq ki, Avropa Gənclər Paytaxtı Avropa Gənclər Forumunun həyata keçirdiyi beynəlxalq layihədir. Avropa Gənclə Forumu ilk dəfə Avropa Gənclər Paytaxtı (AGP) layihəsini 2009-cu ildə həyat keçirib. Avropanın ilk seçilən gənclər paytaxtı Rotterdam (Niderland – 2009), daha sonra Turin (İtaliya – 2010), Antverp (Belçika – 2011), Braqa (Portuqaliya – 2012), Maribor (Sloveniya – 2013), Saloniki (Yunanıstan – 2014) və Kluj Napoca (Rumıniya – 2015) olub.
Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Təşkilatlarının Milli Şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının platformasıdır. Bu platforma Avropa məkanında gənclərin ən iri və yeganə konfederativ qurumudur. Mənzil-qərargahı Belçikanın Brüssel şəhərində yerləşən bu qurum 1996-cı ildə təsis edilib. Hazırda Avropa ölkələrinin 40 Gənclər Təşkilatlarının Milli Şurası və 57 Avropa səviyyəli beynəlxalq qeyri-hökumət gənclər təşkilatları platformanın üzvüdür.
Qeyd edək ki, 2016-cı ildə Avropa Gənclər Paytaxtı olmağa namizəd seçilən şəhərlər arasında Azərbaycan yeganə ölkədir ki, Avropa İttifaqına daxil deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB