Son vaxtlar "Şamaxı Elektrik Şəbəkəsi"ndə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bölgənin enerji təsərrüfatında dayanıqlıq daha da artırılıb. "Azərenerji" ASC-nin SİA-ya verdiyi məlumatına görə, elektrik enerjisi verilişində dayanıqlığın daha da möhkəmləndirilməsi üçün bütün yarımstansiya və xətlər üzrə zəruri tədbirlər davam etdirilir. Bu tədbirlərin nəzərdə tutulan vaxtda və tələb olunan səviyyədə icrasını təmin etmək üçün bütün zəruri mal-materialların təchizatı qrafik üzrə təmin edilir.
Qeyd edək ki, sözügedən müəssisənin xidməti ərazisində cari ilin son üç ayı ərzində 110/35/10 kV-lik "Şamaxı" yarımstansiyasından çıxan 10 kV-lik 1 saylı "Şəhər" hava xəttindən (HX) qidalanan İmamlı kücəsindəki TM-də 4000 kVA-lıq transformator və onun avadanlıqları yenisi ilə əvəzlənib. Eyni zamanda "Sabir" HX-də əsaslı təmir edilib. Ümumiyyətlə, sözügedən dövrdə 10 kV-lik I-II "Şəhər", "Bənövşə", "Telestansiya" və s. Nağaraxana, Çuxuryurd, Məliçobani və bir neçə kəndin, həmçinin rayon mərkəzinin 0,4 kV-lik xətlərində aparılan təmir işləri zamanı ümumilikdə 40 dayaq quraşdırılıb, 20 dayaq yenisi ilə əvəzlənib, naqillərin müəyyən hissələri dəyişdirilib və 1,1 kilometrdən artıq SİP kabeli çəkilib. Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, sözügedən dövrdə 35 kV-lik "Pirqulu" və "Hacıqədirli" yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Mənbə onu da bildirdi ki, müəssisə üzrə cari ilin oktyabr ayında 5,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 784 min kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 18 faiz olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 3,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 367 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizdən çoxdur. Yeri gəlmişkən, cari ilin 10 ayı ərzində 52,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,3 milyon kilovatsaatdan çox artıb, ödənişdə mütləq artım isə 5 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 30,9 milyon kilovatsaata yaxın olub ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 365 min kilovatsaat çoxdur. Ödənişdə mütləq artım 4 faizdən artıq olub.
"İtkilərin azaldılması da qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müntəzəm olaraq müvafiq tədbirlər davam etdirilir", – deyən mənbə onu da bildirdi ki, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 33 istehlakçının (bunun 23-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 48,9 min kilovatsaata yaxın (bunun 20,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 2,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 250 (bunun 208-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu aşkar edilərək akt tərtib olunub. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 514,5 milyon kilovatsaata yaxın (bunun 253,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 30,9 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 65 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Sonda onu da qeyd edək ki, görülən bütün məqsədyönlü tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir. Başlanan tədbirlərin növbəti rüblərdə də davam etdirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB