Noyabrın 28-29-da Vilnyus şəhərində təşkil olunacaq Şərqi Tərəfdaşlıq ölkələrinin dövlət başçılarının iştirakı ilə keçiriləcək samit öncəsi ən çox müzakirə edilən məsələlərdən biri də Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük İttifaqına üzvlükdür. Avropa Birliyi azad ticarət danışıqları aparan Ermənistanın müzakirələri qəfil dayandıraraq bu ilin sentyabrında Gömrük İttifağına üzvlüklə bağlı anlaşmanı imzalaması digər Şərqi Tərəfdaşlıq ölkələri üçün yeni təhlükə yaratdı. Təəssüf ki, bu dəfə də düşmən qonşumuz region üçün starteji baxımdan uğurlu olmayan addım ataraq Rusiyaının digər qonşu ölkələrə təzyiq imkanlarını artırdı.
Baxmayaraq ki, bu ittifaqın Avropa Birliyi ilə rəqabət aparmaq imkanı yoxdur, amma Rusiyanın regionda təsirləri güclənmıkdədir. Bizim qiymətləndirmələr göstərir ki, əgər MDB üzvü olan bütün ölkələr bu ittifaqa qoşulsa, o zaman Gömrük İttifaqı dünya üzrə ümumi daxili məhsulun 4 faizini təşkil edəcək. Avropa İttifaqında bu göstərici 26 faizdir. Eyni zamanda, Avropa Birliyi vahid bazar prinsipi əsasında fəaliyyət göstərdiyi halda Gömrük İttifaqında bunu tətbiq etmək mümkün deyil. İttifaqa üzv ölkələrin heç də hamısı Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, onların ticari qaydaları uyğunlaşdırılmayıb.
Bəs, iqtisadı baxımdan Gömrük İttifaqına üzv olmaq Azərbaycana nə verərdi?
Dövlət Statistika Komitəsinin məlumatına görə, ittifaqa üzv olan 3 ölkə (Rusiya, Belarus və Qazaxıstan) Azərbaycan idxalının 18,5 faizini, ixracın isə 4,3 faizini təşkil edir. İxracda sözügedən ölkələrin payının az olması Azərbaycan iqtisadiyyatında neft sektorunun çəkisinin yüksək olması ilə bağlıdır.
CESD-nin istifadə etdiyi "Hedonik Qiymətləndirmə" və "Linear Reqresiya" modelləri göstərir ki, əgər Azərbaycan 2010-cu ildə, ittifaq yarananda, bu quruma üzv olardısa o zaman ölkəmizin Ümumi Daxili Məhsulu (ÜDM) illik əlavə olaraq 1,66 faiz artardı (http://cesd.az/new/wp-content/uploads/2011/05/CESD-Customs-Union-Accession-Paper.pdf ) . Bu xüsusən də, Azərbaycan biznesinin ixrac imkanlarının genişlınməsi ilə bağlı olardı. Bu baxımdan, iqtisadi modellər qısa müddətli dövrdə Azərbaycanın ittifaqa üzvlüyünün iqtisadi xeyirlərinin olacağını göstərir. Bununla belə, orta və uzun müddətli dövrdə Azərbaycan iqtisadiyyatı ittifaqa üzvlükdən iqtisadi gəlir əldə etmir və qısa müddətli dövrdəki xeyir sonradan ziyan ilə əvəzlənir.
Bununun əsas səbəbi Gömrük İttifaqı üzvləri ittifaqa üzv olmayan dövlətlərə qarşı ümumi gömrük siyasəti həyata keçirməsidir. Belə olan halda ki, Azərbaycan Gömrük İttifaqına üzv olarsa, ölkənin Avropa Birliyi və cümlədən Türkiyə ilə ticarətinə tətbiq olunan gömrük rüsumları ittifaqın cari üzvləri ilə razılaşdırılmalıdır. İttifaq üzvlərinin bütün enerji siyasəti ümumiləşdirməlidirlər. Bu isə o deməkdir ki, üzv olacağı halda gələcəkdə Azərbaycan Avropa ilə birgə həyata keçirilməsi nəzərdə tutulan enerji layihələrində digər ittifaq üzvlərinin maraqlarını da nəzərə almalı və strategiyanı razılaşdırmalıdır. İttifaq daxili enerji qiymətləri, xüsusilə qazın qiymətləri də eyniləşdirməyi məqsəd olaraq qarşıya qoyur. Qazaxıstan artıq 2015-ci ilə qədər öz daxili bazarında qazın qiymətini Rusiya bazarına uyğunlaşdırmalıdır.
Eyni zamanda üzvlər öz makroiqtisadi parametrlərini də təşkilatın hüquqi sənədlərində müəyyən olunmuş qayda hazırlamalıdırlar. Bu isə ittifağın makro-iqtisadi siyasətə də təsir edəcəyindən xəbər verir.
Bütün bunlar deməyə əsas verir ki, qısa müddətli dövrdə gəlir vəd edilsə belə Azərbaycan bu ittifaqa üzv olmamalıdır. Bu üzvlük eyni zamanda, strateji dövrdə Azərbaycanın nəinki iqtisadi və hətta siyası müstəqilliyini də risk altına alır.
Avropa İttifaqından fərqli olaraq MDB məkanındakı münaqişələr üzv ölkələrin Gömrük İttifaqı daxilində inteqrasiyası mümkün deyil. O baxımdan bu ittifaq ən yaxşı halda regional qurum kimi iqtisadi deyil, daha çox siyasi vasitə olaraq Rusiyanın təzyiqləri üçün istifadə edilə bilər.
Bəs, Rusiyanın təzyiqləri artarsa o zaman Azərbaycan nə etməlidir?
Əvəlla, ittifağa yeni üzv olan düşmən qonşumuzun Avropa Birliyi və Rusiyaya münasibətdə siyasətini təhlil etdikdə Azərbaycanın bu sahədəki xarici siyasətini uğurlu hesab etmək olar. Ermənistanın Avropa Birliyi ilə uzun müddətli müzakirələr apararaq Azad Ticarət Anlaşmasını (DCFTA) imzlamağa bir neçə ay qalmış Rusiyanın Gömrük İttifağına qoşulması Brüseldə Yerevana olan inamın ciddi şəkildə itməsinə gətirib çıxardı. Ermənistan hətta özünə də xeyir gətirəcəyi sual altında olan oyun oynadı. Artıq qəbul edilir ki, Rusiya ilə əməkdaşlıq stareji baxımdan "Sıfır Cəmli Oyun"dur. Azərbaycanın sözügedən məsələlərdə balanlaşdırılmış siyasəti Bakıya imkan verir ki, hər iki tərəflə mövcud münasibətləri davam etdirə bilsin. Bu baxımdan, Azərbaycan mövcud siyasətini davam etdirərək Rusiya faktorunu nəzərə almaqla Avro inteqrasiya siyasətini yürütməlidir;
İkincisi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı danışıqları sürətləndirilməlidir ki, Moskvanın planlaşdırılmayan ciddi təzyiqi müşahidə edilərsə o zaman çevik və sürətli Avro-inteqrasiya siyasəti həyata keçirə bilsin;
Üçüncüsü, regionda Rusiyanın təzyiqləri artarsa, Moskvanın əmək miqrantları kartını sonra da daha ciddi Qarabağ kartı ilə əvəzləyərsə və Azərbaycanın praktik olaraq seçim imkanları olmazsa o zaman Bakı ittifaqa "Böyük Britaniya Modeli" ilə daxil olması məqsədəuyğundur. Bu Azərbaycan imkan verəcək ki, ittifağa istisnalar ilə üzv olsun və enerji siyasəti də daxil olmaqla özünün əsas makro-iqtisadi siyasətlərində müstəqilliyini qoruyub saxlasın. Bu zaman Azərbaycan ittifağa üzv olur, amma əsas starteji siyasətlərində müstəqilliyini qoruyub saxlaya bilir;
Dördüncüsü, Rusiyada yaşayan və bu ölkə vətəndaşlığı olmayan etnik azərbaycanlı əmək miqrantlarının Azərbaycana mərhələli qaytarılması və onların işlə təmin edilməsi üçün xüsusi dövlət siyasətinin hazırlanıb icra edilməsinə ehtiyac var. Bu Rusiyanın öz layihələri ilə bağlı Bakıya təzyiq imkanlarının minimumlaşdırılmasına səbəb ola bilər. Əmək miqrantların ölkəmizə il ərzində cəmi 1 milyard dollar göndərildiyini nəzərə alsaq Azərbaycanın mövcud maliyyə imkanları bu təsirləri azaltmağa imkan verir. Eyni zamanda, Qarabağ danışıqların ən azı coğrafi baxımdan daha çox Rusiyadan kənarda keçirilməsinə çalışmaq lazımdır. Bu baxımdan, prezidentlərin 2 gün öncə Avropada bir araya gəlməsi ənənəsinin qorunub saxlanması məqsədəuyğundur;
Nəhayət, qeyri-neft ixracatında starteji müttəfiqlərin o cümlədən Türkiyənin payının artırılması siyasətini həyata keçirilməlidir. Bu zaman inzibati mexanizmlərdən daha çox təşviq edici alətlərdən istifadə edilməlidir. Bu ittifağın ölkənin ümümi ticarət dövriyyəsində çəkisinin mərhəli azalmasına səbəb ola bilər.
Bütün hallarda, Azərbaycan üçün bir siyasət prioritet olmalıdır: bütün halda Gömrük İttifağına üzv olmamağa çalışmaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB