Akademikin 85 illiyinə həsr olunan konfrans keçirilib FOTO

Akademikin 85 illiyinə həsr olunan konfrans keçirilib FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunan "Neft-qaz sahəsində qeyri-Nyuton sistemləri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, iki günlük tədbir Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Respublikasə Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Akademiyası və Başqırdıstan Respublikası Elmlər Akademiyası tərəfindən təşkil edilib.

AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev tədbiri açaraq bildirib ki, görkəmli elm xadimi, texniki elmlər doktoru, mərhum akademik Azad Mirzəcanzadənin Azərbaycanda neft sənayesinin inkişafında müstəsna xidmətləri olub: "Unudulmaz alim ölkəmizin hazırkı inkişaf mərhələsində iqtisadiyyatın inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib".

Sonra ARDNŞ-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, mərhum alimin həyat və elmi fəaliyyəti barədə geniş nitqlə çıxış edib. Beynəlxalq elmi konfransda energetika naziri Natiq Əliyev, ADNA-nın rektoru Siyavuş Qarayev, BREA-nın prezidenti Ramil Baxtizin də çıxış ediblər.

Sonda digər qonaqlar çıxış edərək mərhum akademik haqqında xatirələr söyləyiblər. Müxtəlif seksiyalarda işini davam etdirən konfrans noyabrın 22-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə