Doktorantura imtahanlarının vaxtı məlum oldu

Noyabrın 25-dək doktoranturaya qəbul haqqında elan dərc olunacaq, dekabrın 20-dək sənədlərin qəbulu aparılacaq. Dekabrın 25-dən isə qəbul imtahanları başlayacaq.
Doktorantura imtahanlarının vaxtı məlum oldu

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Müzakirəyə təqdim olunan məsələ AMEA-nın elmi təşkilat və müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi haqqında olub.

Milli Məclisin deputatı, Kibernetika İnstitunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Asəf Hacıyev çıxış edərək bildirib ki, elmi-tədqiqat qrumlarının əldə etdiyi nailiyyətlər, Azərbaycan elminin dünya elmində rolunu və əhəmiyyətini əks etdirən göstəricilər müvafiq komissiaynın iclasında müzakirə olunub.

Rəyasət Heyəti qərara alıb ki, qiymətləndirmə istiqamətində işlər davam etdirilsin, elmi tədqiqatların nəticələri barədə impaktfaktorlu jurnallarda məqalələrin çap olunmasına və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrin gücləndrilməsinə xüsusi diqqət yetirilsin.

Sonra AMEA-nın akademik katibi, müxbir üzv Rasim Əliquliyev 2013-cü ildə AMEA üzrə doktorantura və dissertanturaya qəbul planı haqqında danışıb: "Akademiyada doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılıb. Onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunub. Müzakirədən sonra noyabr ayının 25-dək doktoranturaya qəbul haqqında elan dərc olunacaq, dekabr ayı­nın 20-dək sənədlərin qəbulu aparılacaq. Dekabr ayının 25-dən isə qəbul imtahanları başlayacaq".

Rəyasət Heyətinin növbəti qərarı ilə AMEA 8 gənc alimin namizədliyini "Gənclər üçün Prezident Mükafatı"na irəli sürəcək. Namizədlər AMEA-nın Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gəncləridir.

Akademiyanın 70 illik yubileyinə hazırlıqla bağlı tədbirlər planı da müzakirə olunub. Akademik Akif Əlizadə çıxış edərək bildirib ki, 70 illiyin təntənəli qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılacaq. Elmi kadr hazırlığı üzrə dövlət proqramının qəbul edilməsi, Akademiyanın nəzdində universitet və gənc istedadlar liseyinin yaradılması, innovasiya xarakterli elmi-tədqiqatlar üçün texnoparkın tikintisi, "Alimlər şəhərciyi" şəhərciyinin salınması və digər məsələlər tədbirlər planında öz əksini tapır. Əlavə edilib ki, 2015-ci ilin respublikada "Elm ili" elan olunması və Bakının küçələrindən birinə "Elmlər Akade­miyası" adının verilməsi barədə də ölkə rəhbərliyinə müraciət ediləcək.

R.Əliquliyev Azərbaycan alimlərinin I qurulta­yının keçirilməsi üzrə tədbirlər planından da danışıb: "Dəvətli qonaqlarla ölkədə elminin mühüm problemlərinə dair dialoqların aparılması və digər məsələlər nəzərdə tutulur. Həmçinin, qurultayın internet saytının hazırlanması, "Azərbaycan alimləri" adlı bələdçi kitabın nəşr edilməsi, AMEA alimlərinin nailiyyətlərinə həsr olunmuş sərginin keçirilməsi də planlaşdırılır.

Digər qərarla Rəyasət Heyəti Mərkəzi aparatının Hüquqi təminat şöbəsinin hüquq və vəzifələri genişləndirilib. Bütün Akademiya miqyasında Azərbaycan Respublikasının Konstitusiyası, qa­nun­la­rı və digər normativ hüquqi aktların icra olunmasına nə­zarət, həmçinin elmi işçilərin, alim və mütə­xəs­sis­lə­rin müəlliflik hüquqlarının pozulması faktları ilə bağlı qanu­na­yu­ğun araşdırmalar aparmaq bu şöbəyə həvalə olunub.

Bunlardan əlavə, "Aqrar və ekologiya elmləri" jurnalının təsis edilməsi haqqında qərar qəbul edilib. Jurnalın çapında məqsəd aqrar və ekologiya elmlərində aparılan tədqiqatların nəzəri, praktiki və texniki nəticələrinin elmi ictimaiyyətə çatdırılmasıdır. Nəşr Azərbaycan, rus və ingilis dilərində olacaq.

İclasda 2013-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar və 2014-cü ildə aparılacaq elmi tədqiqat işləri üzrə planların hazırlanması da müzakirə olunub. Fizika İnistitunun direktoru, fizika üzrə elmlər doktoru Nazim Məmmədov 60, Geol­o­gi­ya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Arif Quliyev isə 80 illik yubileyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

Tədbir kadr məsələlərinin müzakirəsi ilə tamamlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com