Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 8 gənc alimin namizədliyini "Gənclər üçün Prezident Mükafatı"na irəli sürəcək. SİA-nın məlumatına görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Namizədlər AMEA-nın Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gəncləridir.
İclasda AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev xatırladıb ki, "Gənclər üçün Prezident Mükafatı" ölkə başçısı İlham Əliyevin 2 iyul 2013-cü il tarixli fərmanı ilə təsis olunub. Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.
Namizədlər müvafiq ekspert komissiyasına təqdim olunan 24 nəfər arasından seçilib və Rəyasət Heyətinə təklif edilib.
R.Əliquliyev Akademiyanın mükafata layiq bildiyi gənc alimlərin siyahısının dekabr ayının 1-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim ediləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB