Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir

Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SİA-nın sualını cavablandırdı

- Vüqar müəllim, artıq Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illiyi tamam olur. Bu əlamətdar günlə, eyni zamanda partiyanın ötən dövr ərzində qazandığı uğurlarla bağlı fikirlərinizi bilmək istərdik.

- Öncə bu əlamətdar gün münasibətilə partiyanın sıralarında birləşən bütün üzvlərini ürəkdən təbrik edir, onlara uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Düşünürəm ki, 21 illik tarixi yol zaman baxımından qısa görünsə də, uğurlarımızın zənginliyi nöqteyi-nəzərdən sanki 100 ilə barabər olduğu üçün bir sual çərçivəsində 21 ilə baxış keçirmək qeyri-mümkündür. Tarixi müstəqil Azərbaycanın tarixi kimi təsdiqlənən Yeni Azərbaycan Partiyası 1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradıldı. Həmin dövrdə ölkədə mövcud olan ictimai-siyasi durum, partiyanın yaradılmasını zərurətə çevirən amillər hər kəsə məlumdur. Ən əsası partiyanın adına diqqət yetirsək, bütün zəruri amilləri özündə ehtiva etdiyini aydın şəkildə görərik. Xalqımız həmin dövrdə ictimai-siyasi durumun gərginliyi, qarşıdurmaların dərinləşdiyi, Azərbaycanın bir dövlət olaraq müstəqilliyini itirmək təhlükəsini yaşadığı bir zamanda "Yeni Azərbaycan" məfhumunu özündə birləşdirən bir partiyanın yaradılması tələbi ilə çıxış etdi. Bu istək ümumiləşdirilmiş şəkildə "91-lərin müraciəti" kimi tarixə yazıldı. Həmin müraciətdə xalqımızın dahi şəxsiyyət Heydər Əliyevdən gözləntiləri və istəkləri ətraflı şəkildə öz əksini tapmışdır.

Yeni Azərbaycan Partiyasının təsis konfransı məlum səbəblərdən Naxıçıvanda keçirildi. Azərbaycanın müxtəlif rayonlarından təşəbbüs qruplarını təmsil edən 550-dən artıq nümayəndənin iştirak etdiyi konfransda ümummilli lider Heydər Əliyev açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Ulu öndər Heydər Əliyev hər zaman çıxışlarında bu reallığı diqqətə çatdırırdı ki, o, partiyanın yaranmasının təşəbbüskarı olmayıb. Partiyanın yaradılmasının 5-ci ildönümünə həsr olunmuş toplantıda səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdim: "Siz də, partiyanın bütün üzvləri də, Azərbaycanın ictimaiyyəti də həqiqəti bilməlidir. Mən bu partiyanın yaranmasının təşəbbüskarı olmamışam. Partiyanın yaranmasının təşəbbüskarı o vaxt Azərbaycanda ölkəmizi ağır vəziyyətdən çıxarmağa çalışan bir çox insanlar olmuşlar. Onlar 1992-ci ilə qədər Azərbaycanda gedən ağır prosesləri, ölkəmizin çox ağır, hətta çox çıxılmaz vəziyyətdə olduğunu görərək, Vətəninə, xalqına hədsiz məhəbbət hissləri ilə yaşayaraq, bu vəziyyətdən çıxmaq üçün nicat yolu axtararaq belə bir partiyanın yaranması fikrinə gəlmişlər".

Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilərək cəmiyyətin bütün təbəqələrini öz sıralarında birləşdirdi. Məqsədi, məramı dövlətə, xalqa xidmət olan partiya ötən dövr ərzində böyük şərəfli yol keçmiş, cəmiyyətdə nüfuz qazanmış, sıralarını kəmiyyət və keyfiyyət baxımından möhkəmləndirərək, özünə inam hissini daha da artırıb. Bu gerçəklik ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə ilə çıxmasından da aydın görünür.

1993-cü ildən iqtidar partiyası kimi fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının fəaliyyəti zənginliyi ilə diqqət çəkir. Partiya bu dövr ərzində Azərbaycanın uğurlarının bələdçisi, eyni zamanda iştirakçısı olaraq, populist vədlərdən uzaqlığını atdığı hər addımında təsdiqləyib.

1993-2003-cü illər Azərbaycanın tarixinə sabitlik, dirçəliş illəri, 2003-cü ildən sonrakı dövr isə böyük yolun uğurlu davamı kimi yazılıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizlə yanaşı, Yeni Azərbaycan Partiyasının da həyatında yeni bir mərhələnin əsasını qoydu. Dahi şəxsiyyətin rəhbərliyi altında partiya inkişaf etdi, daha da nüfuz qazandı, ölkəmizin inkişafına, tərqqisinə verdiyi töhfələri ilə həyata keçirdiyi siyasətə sadiqliyini nümayiş etdirdi. Əgər 20 il bundan öncə Yeni Azərbaycan Partiyası "Yeni, müstəqil Azərbaycan uğrunda" şüarı ilə çıxış edirdisə, artıq bu gün başlıca hədəf güclü dövlət, yüksək rifahdır. Son on ildə Heydər Əliyev siyasətinə sadiqliyini atdığı addımları ilə təsdiqləyən möhtərəm İlham Əliyevin rəhbərliyi altında ölkəmiz daha da inkişaf edir, müasirləşir, yeniləşir. Modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. 2011-ci ildə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans da bu reallığı təsdiqlədi ki, partiya modernləşmə, yeniləşmə siyasətinə dəstəyini əməli işi ilə sübut edir.

Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində ən böyük uğurlarından biri qələbələr partiyası kimi nüfuz qazanması, mövqeyini möhkəmləndirməsidir. Cari ilin oktyabrın 9-da keçirilən prezident seçkiləri bunu bir daha təsdiqlədi. Möhtərəm İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsi xalq-iqtidar birliyinin növbəti sübutu idi. Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurları ilə gələcək üçün stimul yaradır. Sualınıza cavabımı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündə səsləndirdiyi bu fikirlərlə tamamlamaq istərdim: "Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Bir daha demək istəyirəm ki, çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə