Həmyerlimiz İndoneziyada bilik yarışmasında qalib olub

Həmyerlimiz İndoneziyada bilik yarışmasında qalib olub

İndoneziyanın Qərbi Yava Provinsiyasının paytaxtı, Bloklara qoşulmamaq hərəkatının paytaxtı kimi tanınan Bandunq şəhərində İndoneziyanın ən qabaqcıl 32 universitetində dövlət təqaüdü ilə magistratura təhsilini davam etdirən Beynəlxalq Tələbələrin 2-ci Sammiti keçirilib. SİA-nın məlumatına görə, sammit bütün qitələrdən 77 ölkəni təmsil edən xarici tələbələrin iştirakı ilə baş tutub. Sammitin əsas məqsədi beynəlxalq tələbələrin əhalisinə görə dünyada Çin, Hindistan, ABŞ-dan sonra 4-cü yerdə olan və 300 milyondan çox insanın ana dili və İndoneziya, Malayziya, Sinqapur, Bruney kimi bir neçə ölkənin rəsmi dili sayılan İndoneziya dili bacarıqlarını yoxlamaq idi. Bunun üçün İndoneziyanın ən qabaqcıl 32 universitetində dövlət təqaüdü ilə təhsil alan 150-dən çox beynəlxalq tələbələr İndoneziya dili üzrə yarışa qatılmaq üçün dəvət ediliblər.

Yarış xarici tələbələrin dil ve intellektuallıq səviyyəsini yoxlamaq üçün müxtəlif mövzuları əhatə edən debatlar şəklində təşkil olunub. Digər məqsəd isə İndoneziyada dövlət təqaüdü ilə təhsil alan 800-dən çox beynəlxalq tələbəni birləşdirən İndoneziyanın Beynəlxalq Tələbə Assosiyasiyasına prezident seçkiləri keçirmək idi. Tədbirlərə İndoneziyanın Təhsil Nazirliyi ve digər dövlət qurumlarından nümayəndələr də qatılıb. İndoneziya dilində 32 universiteti təmsil edən beynəlxalq tələbələr arasında debat yarışmasında İndoneziyanın Azərbaycandan dövlət təqaüdçüsü Elmar İskəndərovun rəhbərlik etdiyi komanda bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub.

Debat yarışmalarından sonra İndoneziyanın Beynəlxalq Tələbə Assosiyasiyasına keçirilən prezident seçkilərində İndoneziyada dövlət təqaüdü ilə beynəlxalq münasibətlər fakültəsində magistratura təhsilini davam etdirən Elmar İskəndərov təşkilata vitse-prezident seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə