Daşkəsəndə YAP-ın yaradılmasının 21-ci ildönümü qeyd edilib FOTO

Daşkəsəndə YAP-ın yaradılmasının 21-ci ildönümü qeyd edilib FOTO
Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasibətilə rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərə yekun vurulub.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev YAP-ın yaradılmasının 21-ci ildönümü münasibətilə keçirilən təntənəli tədbirin açılış mərasiminə iştirakçıları əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış siyasi təşkilat kimi xalqın partiyasına çevrilib: "1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmiz faciələrlə üzləşdi. Bacarıqsız rəhbərlərin hakimiyyət uğrunda çəkişmələri, şəxsi maraqlarının dövlət mənafelərindən üstün tutulması daxili ictimai – siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalqı ağır durumdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan siyasi partiyanın yaradılması tarixin tələbi idi. 1992-ci ilin noyabr ayında Azərbaycanın mütərəqqi qüvvələri Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, xalqımızın həyatını kökündən dəyişən Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində çox mühüm hadisəyə çevrildi. Ümummilli lider Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində atəşkəs əldə edildi, böhran aradan qaldırıldı, ölkəmiz müstəqil dövlət kimi demokratik prinsiplər əsasında formalaşmağa başladı. Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi islahatlar 2003-cü ildən başlayaraq daha da sürətləndi və ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu. Son 10 ildə ölkədə əfsanə kimi görünən işlər real həyatda əksini tapdı. Eyni zamanda bölgələrimizlə yanaşı rayonumuz da öz simasını dəyişərək Avropa şəhərlərini xatırladır".

Daşkəsən rayonunun tarixində qısa vaxt ərzində bir çox iri miqyaslı tikinti, abadlıq və yenidənqurma işlərinin görüldüyünü deyən İcra başçısı qeyd edib ki, bütün bu işlərin uğurlu həllində, qələbələrin qazanılmasında bizi ruhlandıran, gələcəyə inamla aparan Yeni Azərbaycan Partiyasının sədri, dünya şöhrətli siyasətçi Prezident İlham Əliyevdir: "Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevə bütün daşkəsənlilər adından və şəxsən öz adımdan dərin minnətdarlığımızı, böyük hörmət və ehtiramımızı bildiririk. Biz həmişə Onun ətrafında sıx birləşərək bu siyasətə sadiq qalacağıq".

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışına davam edərək deyib ki, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı partiyanın Nizamnaməsinə uyğun olaraq partiyanın formalaşması, onun təşkilat strukturunun möhkəmləndirilməsi istiqamətində xeyli işlər görüb: "Bu illər ərzində Gənclər Birliyinin, Qadınlar Şurasının, təşkilat və ideoloji şöbələrin işi daha da genişlənib, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələri möhkəmlənib, partiya maarifçilik işi güclənib. Partiyaya daxil olan üzvlərin sayı kəmiyyət və keyfiyyətcə daha da yaxşılaşıb. Bu gün 4033 nəfər Yeni Azərbaycan Partiyasının üzvü Daşkəsən rayon təşkilatında birləşib".

2013-cü ili ölkəmiz üçün daha bir mühüm hadisə ilə yadda qaldığını xatırladan Ə.Abıyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezident seçkiləri Daşkəsəndə şəffaf, ədalətli, yüksək səviyyədə aparılıb, təbliğat, təşviqat işləri daim diqqətdə saxlanılmışdır: "Nəticədə seçkidə iştirak edən daşkəsənlilər ürəklərinin hökmü, qəlblərinin istəyi ilə Prezident İlham Əliyevə 87 % səs veriblər. Daşkəsənlilər həmişə olduğu kimi, bundan sonra da Ulu öndər Heydər Əliyevin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına yenə də sədaqət nümayiş etdirəcək, əvəzolunmaz siyasi lider kimi Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər. Partiyamızın qarşımızda qoyduğu bu şərəfli işlərində rayon təşkilatına yeni-yeni qələbələr, uğurlar arzulayıram. Bütün siyasi həmkarlarımıza 21 illik bayramımız mübarək olsun, - deyirəm".

Sonra çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev keçirilən bütün silsilə tədbirlərdə İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin fəal iştirakını, tədbirlərin keçirilməsinə yaxından köməyini xüsusi vurğulayıb.

Sonda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə keçirilən təntənəli bayram tədbirində bir qrup YAP fəalına 9 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin seçkilərində və YAP Daşkəsən rayon təşkilatının tədbirlərində fəal iştirakına görə Daşkəsən rayon İcra hakimiyyəti başçısının fəxri fərmanları və bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Əlamətdar gün münasibətilə keçirilən tədbir ziyafətlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com