"Bakı şəhərində ilin əvvəlindən bu günə qədər 930 yol-qəza hadisəsi qeydə alınıb. Bu da ölkə üzrə baş verən yol qəzalarının 35 faizini təşkil edir". SİA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, bu qəzalar zamanı 294 nəfər həlak olub, 947 nəfər isə müxtəlif bədən xəsarəti alıb ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 hadisə, yəni 4 ölüm, 19 xəsarətalma faktı çoxdur.
V.Əsədov bildirib ki, bu ilin əvvəlindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı yol polisi əməkdaşları tərəfindən 677 mindən artıq inzibati protokol tərtib edilib. Onlardan 122 mini piyadalarla bağlıdır.
Bölmə rəisinin bildirib ki, görülən tədbirlər nəticəsində piyadaların iştirakı ilə baş verən yol qəzalarının sayı ötən ilə nisbətən azalıb: "2012-ci ildə Bakıda baş verən yol qəzalarının 53 faizi piyadaların vurulması ilə bağlı idisə, artıq bu il bu rəqəm 46 faizə enib".
V.Əsədov təəssüflə qeyd edib ki, ilin əvvəlindən bu günə kimi 3000-dən çox sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə edərkən saxlanılıb, 7 minə yaxın sürücü işıqforun qırmızı işığında hərəkəti davam etdirib.
Vaqif Əsədov bildirib ki, ölkədə olan 1.2 milyondan çox avtomobilin 750 mini (62 faizi) Bakı şəhərinin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB