Bakıda Dünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü qeyd olunub

Bakıda Dünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü qeyd olunub

Bakı şəhər Baş Polis İdarəsi, "Digesta" hüquq firması və Jurnalistika və İnkişaf Mərkəzi İB-nin birgə təşəbbüsü ilə Dünya yol-nəqliyyat hadisələri qurbanların xatirə günü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Jurnalistika və İnkişaf Mərkəzi İB-nin sədri Elməddin Muradlı yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin təcrübəsizliyindən və insanların yol keçən zaman diqqətsizliyindən baş verir.

Hüquqşünas Ərşad Hüseynov isə deyib ki, dünyada gedən kütləvi avtomobilləşmə yollarda tıxac problemi yaradır, eyni zamanda insanların təhlükə mənbəyinə çevrilib: "Çox təəssüf ki, bu gün avtomobillərin hərəkət qaydaları bizim ictimai şüurumuza tam hopmayıb. Dünya Səhiyyə Təşkilatının (DST) 2010-cu ildə yaydığı məruzədə qeyd olunur ki, dünya üzrə yol-nəqliyyat hadisələrində il ərzində ölənlərin sayı 1.3 milyon, yaralanların sayı isə 20-50 milyon civarındadır. İctimaiyyət nəqliyyat hadisələrinin mahiyyətini dərk etməlidir. Sürücülər və sərnişinlər təhlükəsizlik kəmərinə, sürət sisteminə riayət etməlidirlər. Belə olan halda hadisələrin sayı 50 faizdən aşağı düşəcək".

Deputat Jalə Əliyeva vurğulayıb ki, yol qəzaları zamanı insanların ölümündə hər kəs məsuliyyət daşıyır.

Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Respublika üzrə baş verən nəqliyyat hadisələrinin satatistikasını açıqlayıb. Onun sözlərinə görə, ötən il Azərbaycanda yol qəzaları zamanı 1168 nəfər ölüb ki, bu da 2011-ci ilə nisbətən 142 nəfər çoxdur.

Xatırladaq ki, BMT-nin Baş Məclisinin 25 oktyabr 2005-ci il tarixli qətnaməsinə əsasən, hər il noyabrın 3-cü bazar günü Dünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə