"Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminar keçirilir FOTO

"Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminar keçirilir FOTO

Bu gün "Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminarın açılışı keçirilib. SİA-nın məlumatına görə, seminar "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Avropa İttifaqının "Gənclər Fəaliyyətdə" proqramının dəstəyi ilə baş tutub.

Açılış mərasimində çıxış edən "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov bildirib ki, seminarda Azərbaycan, Macarıstan, Rumıniya, Yunanıstan, İtaliya, Ukrayna və digər ölkələrdən gəlmiş 36 gənc iştirak edir: "Avropa İttifaqının gənclər üçün nəzərdə tutulan "Gənclər Fəaliyyətdə" proqramı 2007-2013-cü illəri əhatə edir: "Proqramın əsas məqsədi gənclər arasında Avropa vətəndaşlığı, həmrəylik və toleranlıq kimi hissləri təbliğ etməkdir. "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşən 25 ölkə gənclərinin təşəbbü ilə Bakıda təsis edilib".

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov vurğulayıb ki, seminarın Bakıda keçirilməsi təbiidir: "Çünki Azərbaycan dünyaya inteqrasiya edir. Ölkəmizdə müxtəlif dinlərə, dillərə məxsus gənclər təhsil alır. Azərbaycanda fəal gənclər siyasəti həyata keçirilir. Bugünkü seminarın məqsədi də gənc miqrantlar, sığınacaq axtaranlar, qaçqın və məcburi köçkün gənclər arasında iştirakçılıq, bu sahədə fəaliyyət göstərən gənc liderlərin bilik və bacarıqlarını inkişaf etdirməklə innovativ fəaliyyətlərinə təkan verməkdən ibarətdir. Seminar zamanı insan hüquqları, bərabər iştirak, ksenofobiya və ictimai diskriminasiyaya qarşı mübarizə kimi mövzular müzakirə olunacaq".

Qeyd edək ki, açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin rəsmi şəxsləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə