Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) Nizami rayon İcra Hakimiyyətində "İcra hakimiyyəti orqanları kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda konfrans keçirib. SİA-nın məlumatına görə tədbirdə KİVDF sədri Vüqar Səfərli, Nizami rayon icra başçısı Tahir Budaqov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media kapitanları və icra nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan KİVDF sədri Vüqar Səfərli bildirib ki, artıq üçüncü dəfədir ki Nizami rayonunda belə bir görüş keçirilir. Onun sözlərinə görə, konfransın keçirilməsində məqsəd icra orqanları ilə KİV arasında əlaqələrin genişləndirilməsidir: "Ümid edirəm ki, hər iki tərəf bu konfransdan faydalanacaq".
Daha sonra çıxış edən Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, bu kimi görüşlər KİV-lə məmur, məmurla vətəndaş arasında əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyətə malikdir.
Çıxışı zamanı mətbuatın tarixinə nəzər salan Ə. Amaşov bildirib ki, Azərbaycanın müstəqillik əldə etməsində mətbuatın böyük rolu var: "Mətbuat tək inkişaf edə bilməz. Mətbuatda baş verən hadisələr məmurların fəaliyyətindən yazmaqla araşdırmalar aparmaqla inkişaf edir. Hər bir Azərbaycan vətəndaşı öz fikrini asanlıqla bölüşə bilir. Azərbaycan mətbuatı azaddır. Azərbaycan inkişaf etdikcə onun mətbuatı da inkişaf edir".
Tədbirin davamında çıxış edən Nizami rayon icra başçısı Tahir Budaqov bildirib ki, bu gün informasiya operativliyi mövcuddur: "Biz də öz növbəmizdə çalışırıq ki, bizimlə bağlı məsələlərə həssaslıqla yanaşaq, hər məsələ ilə bağlı mövqeyimizi bildirək: "Ötən görüşlərdən sonra münasibətlərdə müsbət nəticələr əldə etmişik".
Daha sonra rayonda görülən işlər haqqında məlumat verən icra başçısı bildirib ki, Nizami rayonu 1980 -ci ildə yaradılıb, ərazisi 19,6 km2, əhalisi isə 191830 nəfərdir: "Nizami rayonu digər rayonlar arasında ən kiçiyidir. Respublika ərazisinin heç 1 faizini təşkil etmir. Lakin rayonda aparılan işlər rayonun iqtisadi çəkisini artırıb".
Tədbirin davamında icra başçısı ona ünvanlanan sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB