Cari ilin 10 ayı uğurlu istehsalat göstəriciləri ilə başa vurulub

Cari ilin 10 ayı uğurlu istehsalat göstəriciləri ilə başa vurulub

Abşeron yarımadasında generasiya güclərindən önəmlisi olan "Şimal" elektrik stansiyasının (EC) kollektivi cari ilin 10 ayını uğurlu istehsalat göstəriciləri ilə başa vurulub. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, cari ilin 10 ayı üzrə də texniki iqtisadi göstəricilər yüksək olub. Hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.

Oktyabr ayında 184,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 1 milyard 515,2 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasında digər texniki iqtisadi göstəricilərdə də müsbət nəticələr əldə edilib.

Mənbənin payız-qış mövsümü ilə bağlı stansiyada görülmüş işlər barəsində verdiyi məlumata istinadən onu da qeyd edək ki, tədbirlər planına uyğun olaraq nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər başa çatdırılıb.

Yeri gəlmişkən, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilib və aşkar edilən qüsurlar aradan qaldırılıb. Eyni zamanda müxtəlif növ transformator və yağ çənləri üzərində quraşdırılmış su ilə avtomatik yanğınsöndürmə, həmçinin yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilib. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri də keçirilir.

Xatırladaq ki, "Şimal" ES-in İnkişaf Proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisinə rəvac verilib. 21 sentyabr 2011-ci il tarixində möhtərəm Prezidentimiz İlham Əliyev "Şimal" ES-ə gələrək şəxsən ikinci 409 MVt-lik BQQ-nin təməlini qoyub. Müəssisədə energetiklər və inşaatçılar qarşısında çıxış edən ölkə başçısı tikinti-quraşdırma işlərinin ən qısa zamanda başa çatdırılmasının planlaşdırıldığını bildirib.

Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə