"Bərabər iştirak üçün birgə qatıl!"

"Bərabər iştirak üçün birgə qatıl!"

Sabah "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Avropa İttifaqının "Gənclər Fəaliyyətdə" proqramının dəstəyi ilə "Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminarın açılış mərasimini keçirəcək. SİA-ya verilən məlumata görə, açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin rəsmi şəxsləri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Beynəlxalq seminarda Azərbaycan, Macarıstan, Rumıniya, Moldova, Yunanıstan, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə, Latviya və Rusiya və digər ölkələrdən gəlmiş 36 gəncin iştirakı nəzərdə tutulur. Seminarın məqsədi gənc miqrantlar, sığınacaq axtaranlar, qaçqın və məcburi köçkün gənclər arasında iştirakçılıq, bu sahədə fəaliyyət göstərən gənc liderlərin bilik və bacarıqlarını inkişaf etdirməklə innovativ fəaliyyətlərinə təkan verməkdən ibarətdir. Seminar zamanı insan hüquqları, bərabər iştirak, ksenofobiya və ictimai diskriminasiyaya qarşı mübarizə kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, Avropa İttifaqının gənclər üçün nəzərdə tutulmuş "Gənclər Fəaliyyətdə" proqramı 2007-2013-cü illəri əhatə edir. Proqramın əsas məqsədi gənclər arasında Avropa vətəndaşlığı, həmrəylik və tolerantlıq kimi hissləri təbliğ etməkdir.

Qeyd edək ki, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşən 25 ölkə gənclərinin təşəbbüsü ilə Bakıda təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə