“Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı”

“Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı”

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" layihəsi davam edir. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində 16-17 noyabr 2013-cü il tarixlərində Bakı şəhərində "İctimai təqdimat və natiqlik bacarıqları" üzrə təlim keçirilib.

Təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərin qeyd olunan istiqamət üzrə bilik və bacarıqlarının artırılması, eyni zamanda bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılması olub.

İki gün həyata keçrilən tədbirin təlimçisi, müvafiq sahə üzrə mütəxəssis, peşəkar jurnalist, Azərbaycan Tədris Akademiyasının təlimçisi İlhamə Novruzova tərəfindən təlim iştirakçıları üçün "İctimai çıxış" xofunun aradan qaldırılması, "Ədəbi dil və audiovizual dil: dioloji və monoloji nitq", "Etirazlarla iş" və problemli auditoriyanı ələ almaq", "Natiqin davranış mədəniyyəti və nitqində obrazlılıq" və digər mövzularda təqdimatlar təqdim olunub. Eyni zamanda "Karyeranın artırılmasında natiqliyin rolu", "Dumanlı məqamlara yer verməmək - anlaşılmazlıq indeksinin aşağı salınması" və s. mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılıb.

Xatırladaq ki, "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" layihəsi "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə