“Ən yaxşı sosial çarx” müsabiqəsinin qalibləri açıqlanacaq

“Ən yaxşı sosial çarx” müsabiqəsinin qalibləri açıqlanacaq

Azərbaycan Gənclər Fondu "Ən yaxşı sosial çarx" adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsini keçirib.

SİA-nın məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirmək olub.

Müsabiqədə 14-29 yaş arasında olan gənclər və gənclərin təşəbbüs qrupları iştirak edib. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanmış qısametrajlı sosial çarxlar yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti, vətənpərvərlik, ekologiya və ətraf mühitin qorunması, gənclik və təhsilin təbliği, milli adət və ənənələrimiz, müasir ailə dəyərləri kimi istiqamətləri əhatə edib.

Müsabiqəyə ağ-qara və yaxud rəngli, 3 (üç) dəqiqəyə qədər çəkilmiş çarxlar təqdim olunub.

Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı veriləcək.

Müsabiqə ərzində 55 ədəd qeyd olunmuş istiqamətlərə uyğun sosial çarx təqdim olunub.

Münsiflər heyəti tərəfindən sosial çarxlar izlənilib və qiymətləndirilib.

Qalib çarxların təqdimatı və qaliblərin mükafatlandırılması mərasimi noyabrın 19-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə