Şeyxülislam Belarusa yola düşür

Şeyxülislam Belarusa yola düşür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Belarus Respublikasına yola düşür. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərdə məqsəd Minskdə 17-19 noyabr tarixlərində keçiriləcək "Xristianlıq və İslamın qloballaşma şəraitində dialoqu" mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir.

Bu qəbildən sayca səkkizinci olan budəfəki Konfrans Vatikanın xristian birliyinə yardım üzrə Papa şurası ilə birgə təşkil olunub.

Bütün Belarusun Patriarx-Ekzarxı, Minsk və Slutsk Mitropoliti Filaretin dəvəti əsasında həyata keçirilən səfər zamanı bir sıra yüksək səviyyədə görüşlər, o cümlədən MDB və Qərbi Avropanın ənənəvi din liderləri, habelə Vatikandan olan nümayəndə heyəti ilə görüşlər nəzərdə tutulub.

Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə