Pasportların verilməsinə görə rüsumun 20 faizi pasport qurumlarının əməkdaşlarının sosial müdafiəsini gücləndirməyə yönəldiləcək

Pasportların verilməsinə görə rüsumun 20 faizi pasport qurumlarının əməkdaşlarının sosial müdafiəsini gücləndirməyə yönəldiləcək

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli qanununun tətbiqi və "Dövlət rüsumu haqqında" qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli qanununa uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Fərmanla müəyyən edilir ki, "Dövlət rüsumu haqqında" qanunun 4.1-ci maddəsinin dördüncü bəndində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

"Dövlət rüsumu haqqında" qanunda edilən dəyişikliyə əsasən, qanunun 4.1-ci maddəsinə aşağıdakı məzmunda dördüncü bənd əlavə edilir: "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba köçürülür".

Bütün xəbərlər Facebook səhifəmizdə