Kənd təsərrüfatı naziri İƏT-in Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şox ilə görüşüb. Görüşün əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın müzakirəsi olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, nazir Heydər Əsədov qonağı səmimi salamlayaraq İsveçrə Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini və bu təşkilatla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında aqrar sahədə mövcud əməkdaşlıq və Azərbaycanın kənd təsərrüfatı sektorunda mütərəqqi dəyişikliklərin dəstəklənməsində İsveçrə hökumətinin verdiyi töhfədən danışıb.
Görüşdə İsveçrə Konfederasiyası ilə kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, aqrar yönümlü təhsil müəssisələrinin tələbələrinin İsveçrə Konfederasiyasının müxtəlif fermer təsərrüfatlarında təcrübə keçmələri və aqrar yönümlü universitetlərində magistratura təhsili almaları imkanları və digər əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Heydər Əsədov tədarük məntəqələrinin yaradılması və fermerlərin bura inteqrasiyası, heyvanların kəsim sexlərinin təşkilində məsləhətçilərin hazırlanması, uzunmüddətli treninqlərin keçirilməsi, ixtisaslı kadrların hazırlanması, süni mayalanma işlərinin təşkilinə, fermerlərin təlim mərkəzinin yaradılmasına ehtiyac olduğunu və bu sahədə ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.
İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şox səmimi qəbula görə kənd təsərrüfatı naziri Heydər Əsədova təşəkkür edərək Bakıda olduğundan məmnunluğunu ifadə etmiş, təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələrin səmərəliyindən danışıb. O, qeyri-neft sektorunun prioritet sahə olduğunu qeyd edərək, əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin bu sahənin inkişafına təkan verəcəyini bildirib.
Regional direktor bildirib ki, həyata keçirilən layihələrin məqsədi kiçik fermer təsərrüfatlarının bazar sistemlərindən faydalanması, biznes qurumlara çevrilməsi və davamlılığı təmin etməkdir. O, istehsaldan istehlaka qədər xidmət işlərinin aparılması, biznes planların hazırlanmasına köməklik, süni mayalanma işlərinin həyata keçirilməsi, fermerlərin bilik və təcrübələrinin artırılmasına ehtiyac olduğunu bildirərək, bu məqsədlə peşə təlim mərkəzlərinin yaradılmasının vacibliyini qeyd edib.
İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şox kənd təsərrüfatı sahəsində sığorta sisteminin tətbiqi, hazırda Gürcüstanda mikro sığorta layihələrinin həyata keçirilməsi və bu layihələri gələcəkdə Azərbaycanda da tətbiq etməkdə maraqlı olduğunu qeyd edib.
Yekunda Heydər Əsədov təkliflərin ümumiləşdirilib həyata keçirilməsi məqsədilə anlaşma memorandumunun hazırlanması və koordinatorların təyin olunmasını məqsədəmüvafiq hesab edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB