“Penitensiar sahədə islahatlar” adlı çoxtərəfli layihə çərçivəsində görüş keçirilib
Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərində 05-08 noyabr 2013-cü il tarixlərində Avropa İttifaqının təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı ölkələri üçün "Penitensiar sahədə islahatlar" adlı çoxtərəfli layihə çərçivəsində görüş keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd 6 üzv ökənin – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna Respublikalarının iqtisadi, sosial və siyasi proseslərilə bağlı həyata keçirdikləri islahatlara dəstək vermək olan Şərq Tərəfdaşlığının əsas hədəfləri tərəfdaş ölkələrin Avropa İttifaqına iqtisadi və siyasi cəhətdən yaxınlaşmasına təkan vermək, təhlükəsizlik, stabillik və mükəmməl idarəçiliyi təmin etmək, viza rejimlərinin sadələşdirilməsi yolu ilə insanlar arasında əlaqələri genişləndirmək, enerji təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Bu məqsədlərin yerinə yetirilməsi kanalları kimi Avropa Şurası, Euronest, Avropa İqtisadi və Sosial Komitəsi, Regional və Yerli Hakimiyyət Orqanları, Vətəndaş Cəmiyyəti Forumu nəzərdə tutulmuşdur. Demokratiya və hüquqi dövlət, İnsan hüquqları və fundamental azadlıqlara hörmət, Bazar iqtisadiyyatı və davamlı inkişaf isə Şərq Tərəfdaşlığının fundamental dəyərləri kimi qəbul edilmişdir. Bu baxımdan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən vacib sahələrə dair tədbirlər sırasında penitensiar sistemə dair tədbirlər də xüsusi yer tutur.
05-08 noyabr 2013-cü il tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən üzv dövlətlərin nümayəndələrinin görüşündə Azərbaycan, Moldova, Gürcüstan və Ermənistan respublikaları nümayəndə heyətlərinin Penitensiar xidmətlə bağlı təqdimatları olmuş, tərəfdaş ölkələrin nümayəndələri Slovakiyanın penitensiar sistemi və son illər ərzində əldə olunmuş nailiyyətlərlə tanış olmuş, həbs yerlərinə baş çəkmişlər. İştirakçı ölkələrin nümayəndə heyətləri prokurorluğun, Ədliyyə Nazirliyinin, Penitensiar xidmətin və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlarından ibarət olub.
Avropa Şurası, eləcə də Slovakiya Respublikası Ədliyyə Nazirliyi və Penitensiar xidmət rəhbərlərinin sədrliyi ilə dörd gün davam edən görüşdə Azərbaycan, Moldova, Gürcüstan və Ermənistan respublikalarının penitensiar sistemlərində həyata keçirilən islahatlara dair məlumatlar dinlənilmiş, mövcud oxşar və fərqli cəhətlər geniş müzakirə olunmuş və təhlil edilib. Penitensiar sistemlər qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üçün təqdim olunan hansı üsul və metodların səmərəli olması barədə fikirlər irəli sürülmüş, hər bir iştirakçı nümayəndənin məsələlərə münasibət bildirmələri üçün şərait yaradılıb.
Tədbirdə ölkəmizin penitensiar sisteminə dair təqdimatla çıxış edən Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycanın penitensiar sisteminin acınacaqlı sovet tarixi barədə məlumat verərək 1988-ci ildən Azərbaycan torpaqlarına təcavüz nəticəsində yaranan və getdikcə vüsət alan cinayətkarlıq və özbaşınalığın cəzaçəkmə müəssisələrinə də sirayət etdiyini və yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildən etibarən hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də inkişafa nail olunduğunu qeyd edib. Vurğulanıb ki, həmin dövrdən başlayaraq Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməyə başlamış, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilən məhkəmə-hüquq islahatı çərçivəsində penitensiar sistemin də işinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr zəminində bu xidmətin fəaliyyətini tənzimləyən və insan hüquqlarının daha etibarlı təmin olunmasına yönələn mütərəqqi qanunlar, çoxsaylı digər normativ-hüquqi aktlar qəbul olunub. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və ona edilmiş əlavə və dəyişikliklərdə məhkumlarla rəftara dair beynəlxalq sənədlər nəzərə alınmış, cəza çəkən şəxslərin hüquq və azadlıqlarının dairəsi xeyli genişləndirilib. H.Əlixanov tərəfindən müstəqillik illərində Azərbaycanın penitensiar sistemində aparılmış islahatlar, Penitensiar xidmətin hal-hazırkı fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində tərəfdaş ölkələrin nümayəndələrinə müfəssəl məlumat verilib.
Görüşdə tərəfdaş ölkələrin nümayəndə heyətlərinin tərkibinə daxil olan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri də öz ölkərəində penitensiar sahədə mövcud vəziyyətlə bağlı məruzələrlə çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin üzvü Əliməmməd Nuriyev son illərdə həyata keçirilən islahatlar və cəza-icra siyasətini həyata keçirən dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasındakı səmərəli əməkdaşlıq barədə məlumat vermiş, bu əməkdaşlığı koordinasiya edən Ədliyyə naziri yanında fəaliyyət göstərən 11 nəfər qeyri-hökumət təşkilatlarının üzvlərindən ibarət seçkili orqan olan cəzaların icrasına nəzarət üzrə İctimai Komitənin xüsusi rolunu qeyd edib. Eyni zamanda qeyd olunmuşdur ki, cəza çəkənlərin ictimai-faydalı əməyə cəlb olunmaları ilə bağlı çətinliklər mövcuddur.
Ukrayna, Belorus, Moldova və Ermənistan nümayəndə heyətlərindəki qeyri-hökumət təşkilatlarının təmsilçiləri mənsub olduqları ölkələrin penitensiar sistemlərində vüsət alan özbaşınalıq, antisanitariya, dözülməz işgəncə faktları və korrupsiya elementlərinin artmasından, qanunsuz və əsassız həbslərdən, insan hüquq və azadlıqlarının kobud pozuntularına dair konkret faktlardan danışıblar.
Slovakiya Penitensiar xidmətinin rəisi tərəfindən rəhbərlik etdiyi xidmət üzrə son illərdə həyata keçirilmiş islahatlar və əldə olunan nailiyyətlər barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Tədbir çərçivəsində Bratislava şəhərində yerləşən Leopoldov həbsxanası, istintaq təcridxanası və nad Parnou cəzaçəkmə müəssisələrinin təqdimatları keçirilmiş, görüş iştirakçıları müəssisələrin fəaliyyəti ilə ətraflı tanış olmuşlar. Baş çəkilən həbsxanaların və İstintaq təcridxanalarının binalarının Slovakiyanın qədim memarlıq nümunələri sırasına daxil olmalarına baxmayaraq məhkumların saxlanma şəraiti, gəzinti yerləri, kameralarda təmiz hava axınının təmin olunması, məhkumların ictimai faydalı əməyə cəlb olunmaları üçün lazım olan hər cür şərait mövcuddur. Penitensiar xidmət əməkdaşlarının sayı saxlanılan məhkum və təqsirləndirilən şəxslərə nisbətdə hər iki məhkuma bir əməkdaş düşür. Məhkumların ümumi xidmətlərdən bərabər səviyyədə istifadə etmək hüquqlarına riayət olunsa da, hər bir məhkum öz hesabına ödəniş müqabilində əlavə imtiyazlardan da istifadə edə bilər. Eyni zamanda bir sıra zəruri olan xidmətlər, məsələn, televiziyadan fərdi qaydada istifadə edilməsi yalnız ödənişli əsaslarla həyata keçirilir. Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər sutkanın yalnız bir saatı ərzində gəzinti hüququna malikdirlər.
Tədbirdə Slovakiyanın Penitensiar xidmətinin fəaliyyətinə nəzarəti həyata keçirən prokurorun çıxışından məlum oldu ki, prokuror həm planlı, həm də plandan əlavə daxil olmuş ərizə və şikayətlər əsasında xidmətin istənilən qurumunun, yaxud vəzifəli şəxslərin fəaliyyətini yoxlaya, barələrində intizam icraatı başlaya bilər.
Müəssisələrin ərazilərində böyük həcmli istehsalat sahələri mövcuddur. Ağac və dəmir məmulatlarını emal edən sexlərdə bağ evləri, yataq dəstləri, müxtəlif suvenirlər, avtomobillər üçün ehtiyat hissələri və sair istehsal olunur. Bu sifarişlərin əksəriyyəti Slovakiya Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumlar, eləcə də dövlət təşkilatları və fərdi şəxslər tərəfindən həyata keçirilir.
Tədbir çərçivəsində Slovakiya və Moldova Respublikalarının Ədliyyə nazirlikləri tərkibində ayrı bir qurum kimi fəaliyyət göstərən Probasiya xidməti barəsində ölkələrin nümayəndələrinə ətraflı məlumat verilmiş, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası sahəsində əldə edilmiş təcrübənin təqdimatı keçirilib.
Müşavirə tərəfdaş ölkə nümayəndələrinin səmərəli fikir mübadiləsi şəraitində keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB