“AMOR” şadlıq sarayı azyaşlıları istismar edir ARAŞDIRMA - FOTOLAR
Şadlıq sarayında çalışan işçilərlə əmək müqaviləsi bağlamaq isə onların marağında deyil. Bakıda və ölkəmizin digər bölgələrdə inşa edilən şadlıq saraylarının sayı günbəgün artmaqdadır. Şübhəsiz, toy-büsat, şadlıq mərasimləri təşkil etmək biz azərbaycanlıların da ənənəsi və haqqıdır. Amma elə məsələlər var ki, bu barədə danışmasan olmur.
Son 10-15 ildə Bakıda və Azərbaycanın iri şəhər və rayon mərkəzlərində tikilmiş şadlıq evlərinin sayı digər sahələri xeyli üstələyib, desək yanılmarıq. Amma bunların təkcə sayı artıb, keyfiyyətə gəlincə isə, bu barədə danışmaq tezdir. Çünki şadlıq evlərində baş verənlər bizə əsas verir ki, insanların kütləvi toplaşdığı belə məkanlarda qanunsuzluqların az olmadığı barədə aidiyyəti qurumlara sözümüzü çatdıraq. Bəzi şadlıq evləri qanunları, adi məişət ölçü-biçilərini elə pozurlar ki, onları yalnız inzibati qurumlar başa sala bilərlər.
Onu da qeyd edək ki, bizim konkret misallarda adlarını çəkdiyimiz şadlıq evləri ilə heç bir qərəzçiliyimiz yoxdur. Əgər irad bildirdiyimiz sahələrlə bağlı etirazları varsa aidiyyəti qurumların da iştirakı ilə monitorinq keçirə bilərik. Onda hər şey ortada olar. Məlumat üçün bildirək ki, Bakıda olan şadlıq evlərində baş verən qanunsuzluqlar barəsində redaksiyamızın poçtuna çoxsaylı məktublar, ismarıclar gəlir. Amma bu faktların hamısı barədə araşdırma aparmaq istəsək, gərək bütün işlərimizi bir kənara atıb aylarla, illərlə vaxt itirək. Çünki, heç də bütün restoran və şadlıq evlərinin sahibləri jurnalist araşdırmasına həvəsli deyillər. Bəziləri hətta jurnalist görəndə qaçmağa üstünlük verirlər, ən yaxşı halda qapını üzümüzə bağlayıb içəri buraxmırlar. Halbuki, şadlıq evlərində nələrin olduğunu, toy sahiblərini necə aldatdıqlarını, yeməklərin keyfiyyətinin aşağı olduğunu və digər çatışmazlıqları hər birimiz bilirik. Ən azından özümüzün, yaxınlarımızın və dostlarımızın şadlıq evlərində toy edirlər və orada baş verənlərin bilavasitə şahidi oluruq. Belə olan halda şadlıq evlərinin sahibləri, administratorları jurnalistləri niyə yaxın buraxmırlar? Olmazmı ki, şadlıq evinin müdiri jurnalistlərin iştirakı ilə toya hazırlıq mərhələsini – ərzağın haradan alınmasını, təmizlənməsini, bişirilməsini, masalara düzülüşünü göstərsinlər. Əgər sifarişçilərə kələk gəlmirlərsə, boyat yeməkləri yenidən masalara düzmürlərsə, ucuz, mənşəyi bilinməyən spirtli içkiləri, suları təklif etmirlərsə, onda niyə mətbuata açıq deyillər? Daha "Amor" restoran-şadlıq evi kimi yox. Bu şadlıq evinin qolbəyiləri özlərini elə aparırlar ki, guya məxfi hərbi bazanı qoruyurlar. Az qalırlar içəri girib-çıxanın üst-başını yoxlasınlar.
Konkret faktlara keçək. "Amor" şadlıq sarayı haqqında redaksiyamıza çoxsaylı şikayət daxil olandan sonra üz tutduq Bakının 7-ci mikrarayon ərazisində yerləşən bu məkana. Gördüklərimizlə şikayətçilərin bizə yazdıqları, çox təəssüf ki, üst-üstə düşdü. Əldə etdiyimiz məlumata görə, sözügedən şadlıq sarayında 500-550 nəfərlik toy mərasimi düzənlənə bilər. Toy sahibləri ilə danışıqdan asılı olaraq bir yerin qiyməti 45-50 manat arasında dəyişir. Yəni 500 nəfərlik toy mərasimi üçün toy yiyəsi şadlıq sarayına 5-6 saat üçün 22.500 manat ödəməli olur. Kiçik hesablamamızı davam etdirək: əgər bu restoran bir ayda 15-20 toy "tuta" bilsə, bu haradasa yarım milyon manata yaxın pul edər. Çox maraqlıdır, görəsən "Amor" restoranı dövlətə nə qədər vergi ödəyir? Yaxud, kim zəmanət verə bilər ki, "Amor" şadlıq evi dövlətin vergisini qəpiyinə qədər ödəyir? Əgər ödəyirsə, ödəniş qəbzlərini görməyi Allah bizə də nəsib etsin.
Məsələ ilə bağlı Vergilər Nazirliyinin əməkdaşı Fərid Quliyevlə əlaqə saxladıq. O, "Amor" şadlıq sarayının vergi ödəmələrində problem olduğunu söylədi.
Bütün bu sualları şadlıq sarayının sahibi Əli bəyə (görüşə bilsəydik soyadını da qeyd edərdik – red.) ünvanlamaq istərdik. Lakin Əli bəyin məkanda olmadığını dedilər. Bizə qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün suallarımızı "Amor" şadlıq sarayının digər səlahiyyətlisi Fəqan adlı şəxsə yönləndirmək istədik. Ancaq cəhdlərimiz boşa çıxdı. Belə ki, səslənən suallara qarşı tərəf cavab vermək əvəzinə, kobudluq etdi, açıqlama vermək istəmədiyini söyləyib, qapını üzümüzə çırpdı.
Maraqlı faktlardan biri də budur ki, "Amor"-da çalışanların heç birinin yaxasında şadlıq sarayının işçisi olduğunu təsdiq edən yazı yox idi. Bu da ondan xəbər verir ki, "Amor" restoranında çalışdırılan işçilərin əmək müqaviləsi yoxdur. Və onlar aidiyyəti qurumların təftişindən qorxduqları üçün fərqləndirici nişan vurmurlar. Düşünürük ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri qanunsuz fəaliyyətlə məşğul olan "Amor" restoran-şadlıq evi barəsində ciddi ölçü götürəcək, işçilərlə restoran müdiriyyəti arasında əmək müqavilələrinin bağlanmasını təmin edəcək.
Qanunvericiliyə zidd olan başqa bir mənzərə ilə də qarşılaşdıq. Axşam saat 18:00-da bəylə gəlin maşından düşən kimi bu bəxtəvər cütlükləri 7-8 yaşlarında qızlar dövrəyə aldılar. Düşündük ki, yəqin bəyin, yaxud gəlinin qohum-əqrabalarıdır. Amma məsələdən agah olanda çox məyus olduq. Sən demə bu "mələklər" restoran müdiriyyətinin "kəşfi"dir . "Mələklər" adı altında uşaqların əməyi istismar edilir. Eyni zamanda onların əməyindən para qazanan restoran sahibi onlar üçün nə geyinib-soyunma, nə də gözləmə otağı təşkil edib. İstismar edilən uşaqlar boş zallarda geyimlərini dəyişirdilər. Burada eşitdiyimiz bir xəbər bizi çox məyus etdi. Məlum oldu ki, gecə saatlarına qədər uşaqları 15-20 manata görə istismar edən restoran sahibi Əli və şəriki Fəqan bəy bəzən onların pullarını verməkdən boyun qaçırırlar.
Uşaqların əməyininin istismar olunması ilə bağlı millət vəkili Məlahət İbrahimqızının da münasibətini öyrəndik. Onun sözlərinə görə uşaqları 18 yaşına qədər çalışdırmaq cinayətdir: "Bu işlərlə bağlı müəyyən olunmuş monitorinqlər aparılmalıdır. Az yaşlı uşaqları çalışdırdıqlarına görə həm valideynlər, həm də şadlıq sarayları məsuliyyətə cəlb olunmalıdırlar".
QHT Alyansı İdarə Heyətinin üzvü Nazir Quliyevin də rəyini bilmək istədik. Nazir bəy, əməkdaşımıza belə hadisənin yolverilməz olduğunu diqqətə çatdırdı: "Onlar uşaqların əməyini istismar edərək təhsildən yayındırırlar. Belə hadisə yol verilməzdir. Hətta bəzən restoranlarda "mələk" qızcığzaların oynadıqlarının şahidi olmuşam və dərhal tələb etmişəm ki, şadlıq sarayından uzaqlaşdırsınlar. Uşaqları bu işə cəlb edənlər öz cəzalarının almalıdırlar".
Son zamanlar şadlıq saraylarında o cümlədən, "Amor" şadlıq sarayında zəhərlənmə hallarının baş verdiyi haqda məlumatlar da mediaya sızır. Bununla əlaqədar Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevlə telefon əlaqəsi yaratdıq. O, isə sözügedən məsləyə belə fikir bildirdi: "Mərkəz mütəmadi olaraq, şadlıq saraylarında reydlər aparır. Orada istifadə edilən yeyinti məhsulları labaratoriya müayinəsindən keçirilir. Əgər "Amor" şadlıq sarayında belə bir hadisə yaşanarsa restoran sahibləri cavab verməli olarlar".
Qeyd edək ki, Azərbaycan Respublikasının Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi cari ilin yanvar ayında şadlıq sarayları üçün müəyyən olunmuş qaydalar qəbul edib. Lakin həmin qaydalara bu gün də bir sıra restoranlar, o cümlədən, "Amor" şadlıq sarayı əməl etmir. Güman edirik ki, adiyyəti təşkilatlar bütün bu nöqsanları görüb, ölçü götürəcəklər.
Mövzuya qayıdacağıq







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB