Ombudsmanın Cəlilabad Regional Mərkəzinin nümayəndələri Cəlilabad Rayon Təhsil Şöbəsi ilə birgə 12 noyabr-Konstitusiya günü ilə bağlı Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında maarifləndirmə tədbiri keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Cəlilabad Rayon Təhsil Şöbəsindən məsul əməkdaşı V.Süleymanov iştirak edib.
Regional mərkəzin rəhbəri Ziya İsmaylov iştirakçıları əlamətdar bayram münasibətilə təbrik edib. O, Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq, respublikamızda son illərdə bütün sahələrdə hüquqi islahatların geniş vüsət almasının insan hüquqlarının daha səmərəli təmininə zəmin yaratdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, 12 noyabr 1995-ci ildə Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycan tarixində yeni bir səhifə açıb. Tarixi zərurət kimi qəbul edilib. Əsas Qanunumuz gələcək illər ərzində dövlətimizin siyasi, iqtisadi və sosial inkişafının hüquqi əsaslarını təsbit edib. Konstitusiyanın üçüncü fəslinin bütünlüklə insan hüquqlarına həsr edildiyi bildirilib.
Ölkəmizdə insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi göstərildiyi, dövlətlə şəxsiyyətin münasibətlərində ön cərgəyə məhz insan amilinin çıxarıldığı, Əsas Qanunumuzun daha da təkmilləşdiyi vurğulanıb.
Qeyd edilib ki, müstəqil Azərbaycanın dövlətçiliyinin daha da möhkəmləndirilməsi naminə aparılan ardıcıl və davamlı inkişaf siyasəti respublikamızın iqtisadi inkişafını, qüdrətlənməsini, beynəlxalq aləmdə nüfuzunun daha da artmasını şərtləndirmişdir.
Cəlilabad Rayon Təhsil Şöbəsinin nümayəndəsi V. Süleymanov yeni təhsil strategiyasından danışıb, təhsil hüququnun vətəndaşların əsas hüquqlarından biri olduğunu bildirib. Ölkəmizdə təhsil siyasətinin prinsipləri barədə məlumat verilib, dövlətin təhsilə daim diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB