Fuad Muradov regionlardakı yataqxana problemindən danışıb

Fuad Muradov regionlardakı yataqxana problemindən danışıb

"Bizə təqdim edilən gələn ilin dövlət büdcəsi çox mükəmməl hazırlanıb. Bu gün Azərbaycanda həyata keçirilən siyasət böyük dövlətlər üçün nümunə olub və indiki iqtisadi və maliyyə böhranı sahəsində ölkəmizdə həyata keçirilən islahatlar ancaq alqışlanmalıdır. Gördüyümüz ən müsbət cəhət Dövlət Neft Fondundan transfertlər 17,7 faiz azalıb və bu da neft gəlirlərinin həyata keçirilməsi üçün böyük imkanlar verəcək". SİA-nın məlumatına görə, bu fikirləri parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Fuad Muradov deyib.

Onun sözlərinə görə, beynəlxalq valyuta fondu və dünya bankı ilə həyata keçirilən tədbirlər davam edir: "Bu da Azərbaycanın dünya siyasətinə inteqrasiyasını daha da sürətləndirir. İl ərzində həyata keçirilən maliyyə siyasəti müxtəlif sahələr üçün yaxşı nəticə doğuracaq".

"Təhsillə bağlı həyata keçirilən islahatları dəstəkləyirik. Söhbət təkcə məktəblərdən, məktəbəqədər müəssisələrdən deyil, ali təhsil müəssisələrindən də gedir. Bu istiqamətdə islahatlar vacibdir. Əgər universitetlər daha çox müstəqillik istəyirsə, onlar müstəqil maliyyə siyasəti həyata keçirməlidir. Bununla bağlı, dövlət öz addımlarını ata bilər. Eyni zamanda, yataqxanalarla bağlı məsələ çox ciddidir. Xahiş edirəm ki, buna xüsusi diqqət ayrılsın. Regionalarda olan ali mətkəblərin yanında yataqxana olmadığı üçün bir çox gənclər çalışırlar ki, Bakıya gəlib burada oxusunlar. Lakin onlar elə Bakıda da eyni problemlə üzləşirlər" - deyə, millət vəkili çıxışına əlavə edib.

Fuad Muradov onu da bildirib ki, kənd təsərrüfatı ilə bağlı problemlər qalmaqdadır: "İnsanlar öz məhsullarını sata və bazara çıxarda bilmirlər. Bəzi hallarda saxlanma yerləri olmaması problem yaradır. Ona görə düşünürəm ki, bu istiqamətdə iş gücləndirilməlidir".

2015-ci ildə dünya erməniləri qondarma soyqırımın yubileyinin keçiriləcəyini xatırladan millət vəkili, müvafiq dövlət qurumlarının bu məsələ ilə bağlı vəsait ayrılmasını istəyib: "Yetəri qədər vəsait ayrılsın ki, onların bu təbliğatının qarşısını ala bilək. Çünki onlar bu məsələyə ciddi hazırlaşırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə