Şeyxülislam: "Mən yetkinlik yaşından bu yana zəncir vurub baş yarmamışam"
"Aşura günündə bəzi insanlar şəriətə uyğun olmayan baş yarmaq, zəncir vurmaqla qan çıxarırlar. İslam dinində bir insan özünə cəza verməklə günah qazanır". SİA-nın məlumatına görə, bu sözləri Hacı Allahşükür Paşazadə qanvermə aksiyasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu səbəbdən də QMİ insanları bu cür əməllərdən uzaq olmağa çağırır: "Qana ehtiyacı olan insanlara qan verməklə, onlara kömək etmiş oluruq. İmam Hüseynin də ruhu şad olur ki, qanlarımızı qana ehtiyacı olan insanlara veririk. Ona görə də bugünkü gündə mən başda olmaqla, insanlar könüllü olaraq qanvermə aksiyasında iştirak edirlər. Mən istərdim ki, qanvermə təkcə aşura günü deyil, əgər imkan varsa digər günlərdə də keçirilsin"
İmam Hüseynin təbliği ilə bağlı məsələyə toxunan QMİ sədri bildirib ki, bəzi insanlar İmam Hüseyn Əleyhissəlamı elə təbliğ edirlər ki, guya İmam Hüseyn şiədir və başqaları sünnidirlər: "Bu belə deyil. İmam Hüseyn (ə.s) müsəlmandır, quran əhlidir, peyğəmbər nəvəsi, Fatimə balasıdır. O nə sünni, nə də şiədir. Bunu bu cür təqdim etmək olmaz. Ona görə də insanlar arasında elə fikir yaradıblar ki, kim İmam Hüseynə Aşura keçirirsə şiə, kim keçirməsə bunlar sünnidir. Bu cür hallar çox şükür, Azərbaycanda yoxdur. Bu gün biz imam və axundlara tapşırıq vermişik ki, İmam Hüseyn hamımızındır. Biz elə etməliyik ki, digər dinlərdən olan məzhəblər bizdən örnək götürsünlər".
Düzgün təziyyə saxlamağın əleyhinə olmadığını vurğulayan Şeyxülislam bildirib ki, o özü də İmam Hüseynə (ə.s) təziyə saxlayır, hətta ağlayır: "Amma bu, öz dərəcəsində olur. Mən yetkinlik yaşından bu yana özünü vurmaq, sinəni açmaq, zəncir vurmaq, baş yarmaq kimi əməlləri etməmişəm. Başqalarını da bu kimi əməlləri etməməyə dəvət etmişəm. Mən Şeyxülislam kimi bütün müsəlmanları, xüsusən Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə və məzhəblərin birliyinə çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB