Lənkəranda qanvermə aksiyası keçirilib FOTO

Lənkəranda qanvermə aksiyası keçirilib FOTO

Noyabrın 13-də Lənkəranda Qafqaz Müsəlmanları İdarəsinin Cənub zonası üzrə nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə qanvermə aksiyasına start verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, şəhərin Böyük bazar məscidində təşkil olan qanvermə aksiyasına müxtəlif yaş qruplarından yüzlərlə rayon sakini qatılıb.

Qafqaz Müsəlmanları İdarəsinin Cənub zonası üzrə nümayəndəsi Hacı Axund Sədi Axundzadənin bildirdiyinə görə, bu gün təxminən saat 11 radələrindən başlayan aksiya iki gün davam edəcək. Nümayəndə həmçinin rayon sakinlərinin həddən artıq fəal olduğunu, aksiyaya qatılanlar arasında kişilərlə yanaşı qadınların da kifayət qədər çoxluq təşkil etdiyini qeyd edib.

Məlumat üçün bildirək ki, qanalma prosesini Mərkəzi Qan bankının Lənkəran bölməsi və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının tibbi personalı həyata keçirir. Donorlardan toplanacaq qan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran İİV – Diaqnostika laboratoriyasında hepatit, malyariya, vərəm və digər qanla keçə biləcək xəstəliklərə qarşı müayinə olunduqdan sonra istifadə olunması üçün aidiyyatı səhiyyə qurumlarına paylanacaqdır.

Aksiyanın ilk günü ərzində 500-dən çox vətəndaş qanvermə aksiyasına qatılıb. Qanverməyə qatılan sakinlər təşkilatçılara minnətdarlıq bildirərək, bu işin böyük xeyirxahlıq olduğunu, donorlardan toplanan qanın müxtəlif xəstəliklərdən – qan azlığı, anemiya və talesemiyadan əziyyət çəkən, həmçinin cərrahiyyə əməliyyatları zamanı qan almaya imkanı olmayan insanlara böyük yardım edəcəyini söyləyiblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə