Geologiya İnstitutu gənc alim və tədqiqatçıları bir araya yığdı FOTO
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilən "Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları" mövzusunda V beynəlxalq konfrans öz işinə başlayıb.
SİA-nın məlumatına görə, konfransın açılışında çıxış edən AMEA-nın müxbir üzvü, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bildirib ki, tədbirdə 14 ölkədən 60 və Azərbaycandan olan 100-dən çox gənc alim elmi nəticələri haqda məruzələr edəcək və fikir mübadiləsi aparacaqlar: "Bu tədbir ölkəmiz üçün aktualdır və sosial əhəmiyyət daşıyır. Konfransın keçirilməsi artıq ənənəyə çevrilib. Prezident yanında Elmin İnkişafı Fondu, Dövlәt Neft Şirkәti vә bp-nin dәstәyi ilә keçirilәn konfransda məqsəd geologiya sahəsində tədqiqat aparan yerli gənc alimlərin beynəlxalq elm cəmiyyətinə inteqrasiyasının təmin olunması və müasir elmi yanaşmalara əsasən inkişaf etdirilməsidir. Konfransda iştirakla bağlı müraciət edənlərin sayı 200-dən artıqdır".
İnstitutun Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sözlərinə görə, bu cür konfranslar gənc alimlərin yer elmləri sahəsində elmi tədqiqat təcrübələrinin artmasına və elmi yöndə ixtisaslaşmalarına yardımçı olur: "Tədbir dünya təcrübəsindəki metodika və yanaşmaları nümayiş etdirməklə bərabər alimlərimizin xarici həmkarları ilə birgə elmi tədqiqat və təcrübə mübadiləsi aparmalarına da şərait yaradır".
Məlumat üçün bildirək ki, iki gün davam edəcək konfransda Rusiya, Polşa, Ukrayna, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan və digər Avrasiya ölkələrinin təhsil və elm müəssisələrindən gənc tədqiqatçılar iştirak edir.
Qeyd edək ki, konfrans məruzələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB