Spiker jurnalistlərə söz atdı

"İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə öz məruzəsində bildirdi ki, Azərbaycanın 5 il sonrakı dövlət büdcəsi 100 milyarda çatacaq. İnanırıq ki, belə də olacaq. Biz bu gün çox maraqlı tendensiyanın şahidi oluruq ki, artıq Azərbaycan iqtisadiyatının neftdən asılılığı azalır. Azərbaycanın neft sənayesi beynəlxaq ölkələrin dəstəyi ilə inkişaf uğurunu qazana bildi". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin bugünkü iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Asim Mollazadə çıxışında deyib.

O bildirib ki, Azərbaycan xarici universitetlərdə təhsil alan mütəxəssislərin köməyi ilə dövlət strategiyasına başlamalı və qara qızılı insan kapitalına çevirməlidir: "Hökutməin qarşısında duran ən əsas vəzifə insan amilidir. Söhbət təhsil sahəsində olan islahatlardan gedir. Etiraf edək ki, Azərbaycan universitetlərinin məzunlarının bir çoxu ali məktəbi bitirdikdən sonra pullu kurslara gedirlər ki, peşələrini daha da təkmilləşdirsinlər. Azərbaycan məktəblərinin məzunlarının 70 faizi ali təhsil ala bilmirlər və peşə təhsili ilə təmin olunmurlar. Onlar ailələrini saxlamaq üçün hansı peşəni öyrənməlidirlər? Bu istiqamətdə çox ciddi işlər aparılmalıdır. Təbii ki, bu işlə Təhsil Nazirliyi məşğul olmalıdır".

Təhsil sahəsinin inkişafı ilə bağlı bir çox sərəncamların imzalandığını diqqətə çatdıran millət vəkili vurğulayıb ki, qarşıda böyük işlər var: "Əks halda büdcədə müəyyənləşdirdiyimiz vəsaitin səmərəsi olmayacaq".

Millət vəkili, həmçinin səhiyyə sahəsində olan problemlərdən də söz açıb. Onun sözlərinə görə, səhiyyə sisteminə yönəldilən vəsaitin səmərəsi görünmür: "Yüz minlərlə dollar hesabına klinikalar açılır və onlar ən müasir avadanlıqlarla təmin olunur. Bütün bunlara baxmayaraq, yenə də mütəxəssis çatışmazlığı var. Həkimlər öz fəaliyyətinlərinin protokollarına arxalanmadıqlarına görə, Azərbaycan vətəndaşları müalicə üçün İrana və digər ölkələrə gedirlər. Hamının gözünün qabağında İran səfirliyi viza rejimi tətbiq edəndə minlərlə vətəndaşımız gecələr səfirliyin qarşısında gözləyirdilər. Bu sahədə köklü dəyişiklər olmalıdır".

"Dövlət büdcəsindən hər il yüz minlərlə dollar tibbi sığorta fonduna verilir, lakin bu tibbi sığrorta sistemi mifoloji sistem olaraq qalır. Deməli, səhiyyə sistemində ciddi islahatlar olmasa, vətəndaşlarımız yenə də xaricə üz tutacaq. Büdcədən səhiyyə sahəsinə ayrılan vəsaitin səmərəsini görmürük" - deyə, Asim Mollazadə fikirlərinə əlavə edib.

Spiker Oqtay Əsədov isə Asim Mollazadənin səhiyyə sahəsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib: "Asim müəllim siz də həkimsiniz və parlamentdə təmsil olunursunuz. Bildiyiniz ki, son illər səhiyyəyə xüsusi diqqət ayrılır və bu sahə artıq inkişaf edir. Azərbaycanda artıq ürək, böyrək köçürülmələri həyata keçirilir. Bunların heç birini biz görmürük, ancaq nəzərə alaq ki, investisiyanın çoxu bu sahəyə qoyulur. Biz birdən-birə Amerika səhiyyəsi yarada bilmərik. Ziyad müəllimlə bağlı dediyiniz fikirlərə gəlincə, düşünmürəm ki, o desin ki, bizim 5 il sonra büdcəmiz 100 milyard olacaq. O, yalnız ÜDM-un həcminin 100 milyard olacağını deyə bilər. 5 il öncə desəydilər ki, ÜDM 70 milyard olacaq, inanmazdım. Amma bu baş verdi. 5 ildən sonra inanmaq ola bilər ki, büdcəmiz də 100 milyard ola bilər. Rəqəmləri ona görə deyirəm ki, jurnalistlər bunu başqa formada yazmasınlar ki, büdcəmiz 5 ildən sonra 100 milyard olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə