Şəkidə növbəti Debat Forumu keçirilib

Şəkidə növbəti Debat Forumu keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə, DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) tərəfindən həyata keçirilən "Könüllü.az" Region Gənclərinin İctimai Fəallığının Artırılması layihəsi çərçivəsində, Şəki Regional Debat Mərkəzi tərəfindən "Şəki Məktəblər arası Debat Forumu - Payız 2013" təşkil olunub. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Şəki Regional Debat Mərkəzinin rəhbəri Dəyanət Sadıqov, DVC Milli Debat Proqramını koordinatoru Malik Bağırov və digər səlahiyyətli şəxslər çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Çıxışçılar debatların fərdi inkişaf, natiq olaraq formalaşmaq, fəal vətəndaş olmaq, öz fikrini aydın və səlis bildirmək qabiliyyətlərinə yiyələnmək üçün vacib olduğunu qeyd edib.

Debat Forumunda Şəki şəhərinin 11 orta məktəbini təmsil edən 50 gənc iştirak edib. İştirakçılar sertifikatlarla, qaliblər medal və kubokla təltif olunublar.

Forumun bağlanış mərasimində gənclərə dövlət tərəfindən göstərilən dəstəyi və gənclər siyasətində DVC rolunu qeyd edən Şəki Debat Mərkəzinin Rəhbəri Dəyanət Sadıqov, Şəki Debat Mərkəzinin gələcək planları haqqında danışıb: "Yaxın gələcəkdə Şəki-Zaqatala iqtisadi rayonu üzrə bütün orta və orta-ixtisas müəssisələrini əhatə etməyi özümüzə məqsəd qoymuşuq".

Qeyd edək ki, DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən "Debat" təhsil proqramı kimi başlayıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. DVC hal-hazırda 33000 üzv, 45 region, 10 nümayəndəlik, 90-dən artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə