Hacı Surxay: “Aşura gününü təkcə yas saxlamaqla qeyd etməməliyik” MÜSAHİBƏ

İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədlinin SİA-ya müsahibəsi
Hacı Surxay: “Aşura gününü təkcə yas saxlamaqla qeyd etməməliyik” MÜSAHİBƏ

İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədlinin SİA-ya müsahibəsi

- Sabah bir sıra müsəlman ölkələrində olduğu kimi ölkəmizdə də Aşura günü qeyd ediləcək. Bu günün tarixi haqqında məlumat verərdiniz?

- Uzun illər boyu xalqımızın mənəvi dəyərləri və xalqımızın ruhundan süzülüb bu günə qədər gələn bir Aşura fəlsəfəsi var. Aşura İmam Hüseyn Əleyhissəlam dövründən də əvvəl olub. Cahil bir dövrdə Aşuranı gülmək, sevinmək, gözəl paltar geyinməklə qeyd edirdilər. Bir sözlə bizdə Novruz bayramı necə qeyd edilirsə, o zaman da Aşura o cür qeyd edilirdi. 14 əsr bundan qabaq İmam Hüseyn Əleyhssalam insanlara şücəaət, qeyrət və kişilik məktəbi öyrətdi. O, haqq yolundan insanın necə vuruşub və şəhidlik məqamına çata bilməyi öyrətdi. Əgər bir millətin şəhidi yoxdursa, o millətin qürurundan heç zaman danışmaq olmaz. Məhz 14 əsr bundan qabaq İmam Hüseyn (ə.s) müsəlmanların, inanclı insanların ruhuna, əqidəsinə yeni bir dəyişiklik gətirdi. Bütün şəhidlərin başında da İmam Hüseyn durur. Bu baxımdan da İmam Hüseyn (ə.s) tarixin ən şirin sətirlərini qanı ilə yazıb. O, insanlığın kamil ümunəsidir.

- Aşura günü insan nə etməlidir?

- Avropada İslam ölkələrini gözdən salmaq üçün bir sıra fikirlər irəli sürürdülər. Amma bu gün baxıb görürlər ki, İslam həqiqətən də humanistlik, yardımlaşma dinidir. Məhərrəmlik ayını matəm ayı kimi də təqdim etməməliyik. Ona görə ki, İmam Hüseyn (ə.s) canından bezib gedib şəhid olmayıb. O, öz istəyi ilə, şəhid olub. İmam Hüseyn (ə.s) dünyanı çox sevirdi və hər şeyə nikbin baxırdı. Ona görə də İmam Hüseyn bu nikbinliyin içində baxdı, gördü ki, Yezidin hakimiyyətinə boyun əymək olmaz. İslamın adından çıxış edən bir yezid İmam Hüseyni, İslamı alt-üst etmək qüdrətinə malik olan bir adamdır. Məhz İmam Hüseyn də o zaman qiyam etdi və nəticədə şəhid oldu. Bütün gənclər bundan dərs almalıdır. Bu gün bizim 20 faiz torpaqlarımız işğal altındadır. Ali Baş Komandan müharibə əmrini verərsə o zaman gənclərimiz bu məktəbdən nümunə götürərək çağırışa hazır olmalıdır. Aşura günü gənclərimizə tövsiyyə edərdim ki, gedib Şəhidlər Xiyabanını ziyarət etsinlər, şəhidlərimizi yad etsinlər. Bundan əlavə, bu gün əgər kimlərsə küsülüdürsə, bu aradan qaldırılmalıdır. Aşura günü böyüklərə baş çəkilməli, əlillər ziyarət edilməli, onlarla yardımlaşılmalıdır. Valideynlərini, yaxınlarının məzarını ziyarət edib onların ruhuna dualar oxunmalıdır. Aşura məktəbi bizə bunları öyrədir. Bu günü təkcə yas saxlamaqla qeyd etməməliyik.

- Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər il Aşura günü ilə bağlı tövsiyyələr verir. Siz bu günlə bağlı gənclərimizə nə deyərdiniz?

- Bir neçə il bundan əvvəl gənclərin maarifləndirmə aistemi çox zəif idi. Amma şükürlər olsun ki, Şeyx həzrətlərinin Aşura günü ilə bağlı verdiyi tövsiyyələr bu gün yerinə yetirilir. Aşura günü boş yerə özünə əzab verib qan çıxarmaqdansa, həmin gün QMİ tərəfindən həyata keçirilən aksiyalarda iştirak etmək daha düzgündür. Qanımızın ehtiyacı insanlara verilməsi daha savabdır. Bir insana savab vermək, bəşəriyyətə həyat vermək kimidir. İmam Hüseyn də bizə bu yolu öyrədib. İnsan ehsan olaraq yaxşılıq etməlidir. Bu gün ölkəmizdə talessemiyadan əziyyət çəkən bir çox insan var ki, həmin qan onların müalicəsində mühüm əhəmiyyətə malikdir. Aşura günündə bir neçə savab varsa, onlardan biri də məhz qan verməkdir.

Təqribən 8 ilə yaxındır ki, Qafqaz Müsəlmanları İdarəsinin xüsusi göstərişi, Qazilər Şurasının məsləhəti ilə qanvermə aksiyası keçirilir. Bir neçə il bundan qabaq bu aksiyalarda az adam iştirak edirdidə, son illərin müşahidələri onu göstərir ki, aksiyalara insanların marağı artıb və onlar qanvermədə fəal iştirak edirlər. Ötən il tək Cümə Məscidində 250-dən çox insan qanvermədə iştirak edib. Hətta Qan Bankı stop verdiyindən sonra 100 nəfərə yaxın insan qanvermədə iştirak edə bilmədi. İnsanlar könüllü şəkildə bu aksiyalara qoşulur. Gənclər bu aksiyalarda xusisilə iştirak edirlər. Bunun axirət savabı var. Bu onu göstərir ki, QMİ tərəfindən Aşura günü ilə bağlı tövsiyyələr yerdə qalmır.

- Builki qanvermə aksiyası ilə bağlı nə deyə bilərsiniz?

- Sabah qanvermə aksiyası bir neçə məscidlərdə həyata keçiriləcək. Saat 08:00-dan başlanacaq aksiya axşam saatlarına qədər davam edəcək. Bu gün artıq bizim siyahımız yazılıb. 180 nəfər bu gündən növbə tutub. Aksiyada iştirak etmək istəyənlər üçün yaş həddi yoxdur. Burada əsas məsələ qan verənin sağlam olmasıdır ki, bunun üçün də Qan Bankının ekspertləri məşğul olacaq. Belə ki, qanvermədə iştirak etmək istəyənlər ilk növbədə müşahidəçilər tərəfindən yoxlanır. Əgər qanverənin sağlamlığında heç bir problem yoxdursa, o zaman həmin insan qanvermədə iştirak edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə