İqbal Ağazadənin parlamentdəki etiraz çıxışı

İqbal Ağazadənin parlamentdəki etiraz çıxışı

"Gələn ilin dövlət büdcəsinə nəzər yetirdikdə şahidi oluruq ki, Dövlət neft Fondunda transfertlərin miqdarı xeyli dərəcədə azalıb. Ümid edirəm ki, gələcəkdə dövlət büdcəsi hazırlanarkən transferdə olan limiti müəyyən edən layihə təqdim olunacaq". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili İqbal Ağazadə Milli Məclisin bugünkü iclasında dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisinin 46%-i demək olar ki, kənd rayonlarında yaşayır: "Digər tərəfdən ölkəmizdə ixrac potensialının 95 %-ə qədəri neft sektorunun payına düşür. Bu da o deməkdir ki, ixrac potensialı neft sektorunun üzərində qurulub. Təbii ki, bu da gələcəkdə əhalinin işsizliyinin aradan qaldırılmasına ümid vermir".

Millət vəkili deyib ki, ixrac əməliyyatlarında 5, 2 faiz özəl sektorun payına düşüb: "Ölkənin ixrac potensialının 94 faizi dövlət sektorunun payına düşür. Azərbaycanda azad iqtisadi münasibətlər seçilsə də, yenə ixrac potensialı üzərində dayanılıb. Özəl sektorların inkişafı heç də rəqəmlərdə deyildiyi kimi deyil. Bununla yanaşı, idxal əməliyyatlarında da özəl sektorun payı 74 faiz təşkil edir. Dövlət sektorunun payı isə 20 faizdir".

Əmək haqları və əhalinin gəlirlərinin artırılması məsələsinə də toxunan millət vəkili qeyd edib ki, dövlət müəssisələrində çalışanların orta aylıq əmək haqqı 330 manatdır: "Bu rəqəm özəl bölmələrdə 496 manat, qeyri- neft sektorunda 367 manat, neft sektorunda isə 1413 manat təşkil edir. Bu da onu göstərir ki, ən aşağı maaş alan dövlət müəssisələrində çalışanlardır. Nəzər salsaq, müşahidə edərik ki, dövlət iqtisadiyyatının dövlət bölməsində 900 min nəfərə yaxın, qeyri dövlət bölmədə isə cəmi 578 min insan çalışır".

"Digər bir məsələ isə maliyyə naziri Samir Şərifovun qiymət artımı ilə bağlı səsləndirdiyi anonslardır. Bu da vətəndaşları ciddi şəkildə narahat edir. Qiymət artımına ehtiyac varmı? Niyə kommunal xərclərin qiymətləri artırılmalıdır? Hazırda buna ehtiyac varmı? Əhalinin bugünkü vəziyyəti elə də yaxşı deyil ki, qiymətlərin artırılmasından sonra bu məbləği rahatlıqla ödəyə bilsinlər. Bu artımlar ən azından ərzaq məhsullarının artmasına da şərait yaratmış olacaq. Hökumət bu barədə çox ciddi düşünməlidir" – deyə, millət vəkili çıxışı zamanı fikirlərinə əlavə edib.

Spiker Oqtay Əsədov millət vəkilinin səsləndirdiyi "maliyyə nazirinin qiymətlərin artırılması ilə bağlı anons"unun olması fikirlərinə aydınlıq gətirib: "Komitələrin bütün iclaslarına baxırdım, lakin nazirin elə bir anons etdiyinin şahidi olmadım. Maliyyə nazirinin üzərinə yük qoyursan ki, hər hansı bir anons verib. Samir Şərifov sabah keçirilən iclasda bütün suallara cavab verəcək. Odur ki, çıxışlarınıza diqqət edin".

Bütün xəbərlər Facebook səhifəmizdə