Ədliyyə Nazirliyi Penitensiar xidmətində şəxsi heyətin toplantısı keçirilib
Bu gün Ədliyyə nazirliyinin Penitensiar xidmətində şəxsi heyətin toplantısı keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev toplantını açaraq Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri barədə məlumat verib.
Qeyd edilib ki, ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının ən ali mükafatı olan "Dövlət nişanı" ilə təltif olunmağı bütün Azərbaycan xalqı kimi Ədliyyə nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən də böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanıb.
Vurğulanıb ki, bu ali mükafata layiq görülməsi ölkə Prezidentinin uğurla həyata keçirdiyi uzaqgörən, müdrik daxili və xarici siyasətin təzahürüdür.
Daha sonra Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev 05-09 noyabr 2013-cü il tarixlərdə penitensiar sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri barəsində məlumat verib.
Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Ədliyyə Akademiyasının Cinayət Prosesi, Kriminalistika və Məhkəmə Ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, kiçik ədliyyə müşaviri Mətanət Əsgərova Penitensiar xidmətin şəxsi heyəti qarşısında "Azərbaycan Ədliyyəsinin tarixi" mövzusunda mühazirə ilə çıxış edib. Bildirilib ki, müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün şərəfinə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB