Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, öncə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Timuçin Əfəndiyev Konstitusiyamızın tarixindən danışaraq Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verib: "Azərbaycan xalqı öz tarixi taleyi boyu bir necə dəfə müstəqil dövlət qurmağa müvəffəq olub. Bu dövlətlər xalqımızın maddi-mədəniyyət abidələrinin, ədəbiyyatının, dilinin, mənəvi-əxlaqi dəyərlərinin inkişafında və qorunub saxlanmasında əhəmiyyətli rol oynayıb. Heç də təsadüfi deyildir ki, Yaxın və Orta Şərqdə ilk dramaturgiya, ilk opera, ilk qəzet məhz Azərbaycanda meydana gəlmiş, müsəlman Şərqində müasir parlament mədəniyyətinin əsası da Azərbaycanda qoyulub.
1918-ci ildə Şərq aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dövlətçilik tariximizin ən yaddaqalan şanlı səhfələrindəndir. Gələcək nəsillərin taleyi baxımından çox böyük önəm daşıyan bu tarixi hadisə xalqımızın əsrlər boyu ürəyində yaşatdığı azadlıq amalının parlaq ifadəsi idi.
Böyük siyasətçi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində dövlətimiz möhkəmləndi, Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoydu. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb".
Konstitusiyanın qəbul olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran digər natiqlər də, insanların hüquq və bərabərliyinin, iradə azadlığının qanunlar toplusunda təsbit olunmasını, bunun ümumxalq səsverməsi yolu ilə təsdiqini tapmasını Azərbaycanın gələcəyinə hesablanan uğurlu siyasi gediş adlandırıb.
Tədbirin sonunda tələbələr tərəfindən dövlət bayrağına həsr olunmuş şeir və mahnılar ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB