Elmira Süleymanova Macarıstana yola düşüb

Elmira Süleymanova Macarıstana yola düşüb

13-15 noyabr 2013-cü il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropa Şurasının dəstəyi ilə ATƏT-in İnsan Hüquqları Demokratik Təsisatlar Bürosunun toplantısı keçiriləcək. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu toplantıya dəvət olunan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Macarıstana yola düşüb.

Sözügedən mötəbər beynəlxalq tədbirdə həmçinin 40 ölkənin milli insan hüquqları təsisatlarının nümayəndələri də iştirak edəcəklər.

Toplantının əsas məqsədi milli insan hüquqları təsisatlarının Avropa Şəbəkəsinin vəziyyətini nəzərdən keçirmək və strateji məsələləri müzakirə etməkdən, habelə strateji planla yanaşı, birillik fəaliyyət planını qəbul etməkdən ibarətdir.

Tədbirdə habelə 2012-ci il Əmman Bəyannaməsi və Fəaliyyət Proqramının inkişafının izlənməsi, milli insan hüquqları təsisatlarının Avropa Şəbəkəsinin təcrübəsi ilə bağlı, habelə maliyyə məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda həmçinin ATƏT-in İnsan Hüquqları üzrə Demokratik Təsisatlar Bürosu tərəfindən milli təsisatlar üçün növbəti ildə keçiriləcək pilot treninq akademiyasının təşkili məsələləri də müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə