Millət vəkilləri parlamentdə bir sıra təkliflərlə çıxış ediblər

Millət vəkilləri parlamentdə bir sıra təkliflərlə çıxış ediblər

Milli Məclisdə hökumət qarşısında regionların inkişafına diqqətin artırılması ilə bağlı təkilflər irəli sürülüb. SİA-nın məlumatına görə, bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri hökumət qarşısında bir sıra təkiflərlə çıxış ediblər.

Deputat Jalə Əliyeva da aztəminatlı ailələrin evlə təmin edilməsi məqsədilə sosial mənzillərin tikilməsi təklifi ilə çıxış edib.

Millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, ölkədə istehsalın həcmi, istehsal müəssisələrinin gücü artırılmalıdır: "Bu sahədə xaricə ixrac və idxal olunan məhsulların nomenklaturası arasında müqayisə aparılmalıdır. Təəssüf ki, idxalda adi məmulatları da görürük. Texnoparkların salınması ilə yanaşı, mütləq yüngül sənaye sahələri inkişaf etdirilməlidir. Xüsusilə də emal sahələrinə diqqət yetirilməlidir. Sənaye müəssisələrinin sayı artsa da, hələ də ÜDM-in sahə strukturunda kənd təsərrüfatının payı cəmi 42 faizdir. Deməli, bu sahəyə diqqəti artırmaq lazımdır".

O, həmçinin kənd təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu anbarların sayının çoxaldılmasını və xüsusi emal müəssisələrinin yaradılmasını təklif edib: "Regionlarda kənd təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu anbarların sayı artırılmalıdır. Azərbaycanın elə bölgələri var ki, meyvə-tərəvəz kifayət qədərdir, lakin ixrac imkanları məhduddur. İkinci təklifim xüsusi emal müəssisələrinin yaradılması ilə bağlıdır. Amma bu müəssisələrin işləmə qabiliyyəti və gəlir əldə etmək imkanları zəifdir. Bu da elektrik enerjisinin qiymətinin baha olması ilə əlaqədardır. Bir çox ölkələrdə belə emal müəssisələrinə vətəndaşlarla nisbətdə elektrik enerjisi güzəştli qiymətlə verilir. Bu olmasa, həmin müəssisələr rentabelli olmayacaq. Bununla da Azərbaycanda yetişdirilən çox qiymətli bitkiləri itirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə