Bu gün Dənizkənarı Milli Parkda uşaqlar üçün növbəti pulsuz atraksion aksiyası keçirilib. Yaşı 15-ə qədər olan uşaqlara səhər saat 09.00-dan 13.00-dək bulvardakı atraksionlardan pulsuz istifadə haqqı verilib. SİA-nın məlumatına görə, ötən dəfəkindən fərqli olaraq bu dəfə aksiya nisbətən sakit şəraitdə keçib. Belə ki, atraksionlardan istifadə biletlərlə olub. Hər bir kassada valideynlərə biletlər paylayıblar ki, bu da uşaqlara hər atraksiondan istifadə haqqı verib. İdarə əməkdaşlarının verdiyi məlumata görə, biletlər uşaqlara atraksiondan bir dəfə istifadə haqqı verir. İyunun 1-dən fərqli olaraq bu dəfə aksiyanın dava-dalaşsız, sakit keçdiyini işçilər də təsdiqləyiblər. Lakin nizamsızlığın yaranmaması üçün öncədən görülən tədbirlərə baxmayaraq, narazı qalanlar da olub da olub. Belə ki, bir neçə valideyn uşaqlarının əllərində bilet olmasına baxmayaraq, atraksionlardan istifadə edə bilməməsindən şikayət edib. Bəzi valideynlər isə uşaqlarının azyaşlı olmasını əsas gətirərək onlarla karusellərə minmək istəsələr də, buna imkan verilməyib.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib ki, 2011-2012-ci illərdə bu pulsuz atraksionlar hər ay təşkil olunub: "Sadəcə olaraq, 2013-cü ildə dövlət əhəmiyyətli tədbirlərlə əlaqədar bu aksiyalarda fasilələr olub. Lakin bütün bunlara baxmayaraq, bu il idarə tərəfindən 8 dəfə həmin aksiya reallaşdırılıb. Biz mütəmadi olaraq gələcək də, bu aksiyanı davam etdirmək fikrindəyik. Hər dəfə bu aksiyaları təşkil edərkən bir daha əmin oluruq ki, buna böyük tələbat vardır. İnsanlar sevinə-sevinə, böyük həvəslə Milli Parka gəlirlər. Təbii ki, elə ailə var ki, onun 30-40 atraksiondan istifadə etmək imkanı yoxdur. Məhz belə günlər onlar üçün bir növ fürsət oldu. İnsanların arasında atraksionlardan istifadə edə bilməyənlər də var idi narazı qalanlar da. Bu təbii bir prosesdir. Buna adi bir iş kimi baxırıq. Çünki insanlar müxtəlifdir".
Qeyd edək ki, ilk dəfə 1 İyun Uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı Dənizkənarı Bulvarda uşaqlar üçün atraksionlar pulsuz fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB