Uşaq problemlərinin həlli ilə bağlı 5 qətnamə qəbul edilib

Uşaq problemlərinin həlli ilə bağlı 5 qətnamə qəbul edilib

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESCO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərin "İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV konfransının bağlanış sessiyası keçirilir. SİA-nın məlumatına görə, konfransda 10 beynəlxalq təşkilat və 51 ölkə iştirak edir.

Sessiyada İSESCO ilə İslam ölkələri arasında uşaq problemlərinin həlli ilə əlaaqədar 5 qətnamə qəbul edilib. Bu qətnamələr də növbəti iki ili əhatə edir. Sənədlərdə kənd və şəhər yerlərində yaşayan uşaqların hüquqlarının müdafiəsi və digər məsələlər öz əksini tapıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfrans dünyanın gələcəyi olan uşaq hüquqlarına və onların həlli istiqamətində prioritetlərin müəyyənləşməsinə həsr olunub.

Onun sözlərinə görə, əslində bu məsələ təkcə islam aləmi üçün deyil, bütün bəşəriyyət üçün aktualdır: "Müasir dövrdə uşaq hüquqlarının müdafiəsinə diqqət yetirən bütün dövlətlər kənd və şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərməlidirlər. İSESCO-ya üzv dövlətlərin IV Konfransının yekunları göstərdi ki, dünyanın insanlarını, yəni bizi birləşdirən amillər, bizi ayıran amillərdən çoxdur. Bu sahədə dövlətlərin təcrübələrindən faydalanmaq məqsədəuyğun olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə