Aşura günündə "Cümə" məscidində ənənəvi qanvermə aksiyası keçiriləcək FOTO
Məhərrəm ayı hicri-qəməri ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay Həzərt Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi müsəlmanlar üçün olduqca böyük əhəmiyyət kəsb edir. İçəri şəhər "Cümə" məscidindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar Qafqaz Müsəlmanları İdarənin Qazilər Şurasının toplantısında Məhərrəm ayının keçirilməsi ilə bağlı fətva verilib.
Fətvada daha sonra son illər təziyə günlərində irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın tibbi ehtiyacları üçün Kərbala şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkil olunması ən münasib əzədarlıq nümunəsi kimi göstərilib. Bu il noyabr ayının 14-nə təsadüf edən Aşura günündə respublikamızın bir çox dini ibadət yerlərində könüllü qanvermə aksiyalarının keçiriləməsi qərara alınıb.
Həmin qanvermə aksiyalarının keçiriləcəyi yerlərdən biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda yerləşən İçəri şəhər "Cümə" məscididir. Məsələ ilə bağlı İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, 8 ildir ki, Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı məsciddə könüllü qanvermə aksiyaları təşkil olunur. İçəri şəhər "Cümə" məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq "Cümə" məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb.
Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir, heç bir yerdə qəbul olunmur və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidi. Bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidi. Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, həmçinin vətən uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək. Həm də həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunacaq. Buz talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik və "Cümə" məsciddə bu aksiya artıq 8-ci dəfə təşkil olunacaq.
Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işləri aparılıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulacaqlar. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 260 nəfər insan iştirak etmişdi. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olub.
Məlumat üçün bildiririk ki, Səbail rayonunda "Cümə" məscidi ilə yanaşı rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə aksiyası keçiriləcək. Bununla əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB