Hadi Rəcəbli Lənkəranda Konstitusiya günü ilə bağlı görüş keçirib

Hadi Rəcəbli Lənkəranda Konstitusiya günü ilə bağlı görüş keçirib

Deputat Hadi Rəcəbli Lənkəranda Konstitusiya günü münasibətilə bir qrup ziyalı ilə görüş kecirib. SİA-nın Cənub bürosunun məlumatına görə, görüşdə Bakinın orta və musiqi məktəblərinin bir qrup müəllimi, Lənkəran seçicilərinin nümayəndələri iştirak ediblər. H.Əliyev dühasının müəllifi olduğu Konstitusiyanın əsas məziyyətləri və dəyərləri haqqında siyasi elmləri doktoru Hadi Rəcəbli məlumat verib. Xalqa işləyən və xalqın hüquqlarını qoruyan Konstitusiyamızın əsas dəyərlərindən biri olan vətəndaşların sosial hüquqlarının qorunması söhbətdə önə çəkilib.

Görüşdə iştirak edənlər Azərbaycan Konstitusiyasının, müstəqil respublikamızın ana yasası olduğunu, ali qanunvericilik aktının Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına yönəldiyini göstəriblər.

Tədbir iştirakçıları söhbət əsnasında gündəlik qayğılarından, təhsillə bağli problemlərdən danışıblar. Bakı şəhər 260 saylı orta məktəbin müəllimi Yeganə Babayeva, Lənkəran rayonu Vel kənd orta məktəbinin müəllimi Əkbərov Nazim, Bakı musiqi məktəbinin müəllimi Ülviyyə Əliyeva çıxış edərək, Konstitusiyadan irəli gələn hüquqi bazanın möhkəmləndirilməsi ilə bağli fikir və təkliflərini bildiriblər. Lənkəran rayonu Aşağı-Nüvədi kənd sakini, iqtisadçı Elman Əliyev kəndə və kənddə kiçik sahibkarlığın inkişafına yönələn dövlət qayğısını dəyərləndirərək, mövcud problemləri də qeyd edib.

Yekunda Konstitusiya ilə bağli viktorina keçirilib, konsert nömrələri ilə tədbir başa çatıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə