"Ailə var ki, uşağa 500 manatlıq telefon alır, ancaq..." Münasibət

"Ailə var ki, uşağa 500 manatlıq telefon alır, ancaq..." Münasibət

"Uşaqların istirahətinin təşkili ən aktual və insanları düşündürən vacib məsələlərdən biridir. Bu sosial sifarişdir və cəmiyyətdə də bu haqda geniş söhbətlər gedir. Neçə illərdir ki, bu məsələ gündəmdədir. Bizim komitə də bu məsələni 3 ildir ki, müzakirə edir. Məqsədimiz bu işdə dövlət yükünü azaltmaqdır. Valideynlər, xeyriyyə təşkilatları, QHT-lər, bələdiyyələr və hətta partiyalar da uşaqların istirahətini təşkil etmək istəyirlər. Lakin mövcud prosesin əlaqələndirilməsində müəyyən problemlər var". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli ötən gün parlamentdə müzakirə olunan "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsinin əhəmiyyətindən danışarkən deyib.

O bildirib ki, qanun vasitəsi ilə hökumətin üstünə yıxılmaq lazım deyil: "Burada daha çox vacib olan QHT-lərin, Həmkarlar təşkilatlarının və ailələrin uşaqların istirahətinə diqqət yetirməsidir. Misal olaraq, ailələr var ki, uşağa 500 manatlıq telefon alır, ancaq övladı üçün istirahət təşkil etmir. Valideyn bilmir ki, bunu necə həll etsin. Ona görə də bu qanunla onlara kömək etməyə çalışacağıq".

Uşaqlara qarşı məişət zorakılığından danışan komitə sədri bildirib ki, bu cür ailələrə cərimə tətbiq olunmasının tərəfdarı deyil: "Cərimə tətbiq etməklə nə qazanılacaq? Həmin ailələrin əksəriyyətinin sosial vəziyyəti ağırdır. Əgər onları cərimələsək və ya həbs etsək, o zaman nəyə nail olacağıq? Belə olduğu halda uşaqlar sahibsiz qalır. Ona görə də başqa çıxış yolu axtarmaq lazımdır. Belə məsələlərdə QHT-lər, ictimai təşkilatlar, qonşular, ağsaqqallar fəal iştirak etməli və həmin valideynləri maarifləndirməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə