Bu həftə sanballı uğurlar qazanacaqsınız

Bu həftə sanballı uğurlar qazanacaqsınız

Astroloqlar QOÇLARA yalnız öz işgüzar keyfiyyətlərinə və bacarıqlarına güvənməyi tövsiyə edirlər. Cəsarətli olun. Maneələr ilk baxışda dəfedilməz görünür. Çətinliklərin qarşısından geri çəkilməyin. İnadkarlığınız və zəkanız sayəsində bu həftə sanballı uğurlar qazanacaqsınız.

BUĞALAR, başqalarının qüsurlarını onların üzünə vurmayın. İnsanlara güzəştə getməyi bacarın. Yalnız bu yolla işdə mövqelərinizi möhkəmləndirib, yeni əlaqələr qura bilərsiniz. Bu gün başqalarının qəbahətlərini bağışlamaq gələcəkdə böyük uduş deməkdir.

ƏKİZLƏR yaxınlarının tənqidlərinə məhəl qoymamalıdırlar. Yoxsa özünüzə inamı itirərsiniz. Hazırda qeyri-müəyyən, anlaşılmaz vəziyyət yaranıb. Azacıq zəiflik göstərsəniz, bütün işlərinizi korlayacaqsınız.

Bu həftə XƏRÇƏNGLƏR çoxlu sayda çətinliklərlə üz-üzə gələcəklər. Problemlərdən onsuz da yaxa qurtara bilməyəcəksiniz. Yaxşı olar, təhlükənin düz gözünün içinə dik baxasınız. Ehtiyatlı hərəkət etmək və sözünün ağası olmaq çətin vəziyyətdən qazancla olmasa da, hər halda itkisiz çıxmağa imkan verəcək.

ŞİRLƏR bu həftə uğur qazanmaq üçün yalnız öz bacarıq və gücünə inanmalıdırlar. İşdə qeyri-müəyyənlik və yayğın perspektivlər böyük ziyan verə bilər. Ciddi və düşünülmüş hərəkətlərlə, habelə sadiq tərəfdaşların dəstəyi ilə ziyana düşməyəcəksiniz. Tərəfdaşlarınızın məsləhətlərini dinləyin.

QIZLARIN keçmiş uğursuzluqları heç də o demək deyildir ki, bu həmişə belə davam edəcək, yaxın günlərdə vəziyyəti düzəltmək imkanı olmayacaq. Ancaq bütün işlərdə yalnız özünüzə güvənməlisiniz. Başqalarından kömək gözləməyə dəyməz. Vəziyyətiniz çox dolaşıqdırsa, həmkarlarınızın tövsiyələri nəinki kömək edəcək, əksinə işləri daha da dolaşığa salacaqdır.

TƏRƏZİLƏRİN biznes tərəfdaşları və ya iş yoldaşları ilə münasibətlərində anlaşılmazlıq yaranacaq. Hətta haqlı olsanız belə onlarla münasibətləri düzəltmək lazım gələcək. Münaqişə gərginlik yaradıb işlərinizi korlaya bilər. Kompromisə getmək məğlubiyyət bayrağını qaldırmaq demək deyil. Emosiyalara uymasanız, mövqelərinizi müdafiə edib nüfuzunuzu qoruya bilərsiniz. Maraqlarınızı sakit və aydın ifadə etməlisiniz.

ƏQRƏBLƏR hiss edəcəklər ki, xəyal və gerçəklik arasında həqiqətən keçilməz sərhəd vardır. Lakin bu ilk baxışda belədir. Əgər nə isə alınmırsa, ruhdan düşməyin. İşi yarımçıq buraxıb gücsüzlüyünüzü etiraf etməkdənsə, son məqsədinizi və hədəfinizi dəqiq müəyyən edib və ona çatmağa çalışmalısınız.

OXATANLARIN istirahətə ehtiyacı var. Yorğunluq səmərəli işləməyinizə mane olur. Özünüzü işlə yükləməyə çalışmayın, bəzən işdən bir az tez gedin. İstirahət günlərindən faydalı istifadə edin. Psixoloji rahatlıq sizi tamamilə dəyişdirəcək. Siz indikindən qat-qat çox şeyə nail ola bilərsiniz.

OĞLAQLAR birdən-birə ayılıb görəcəklər ki, vaxtilə qəbul etdikləri yanlış qərar həyatı çətinləşdirir. Üstəlik, çətinliklər ağla gəlməyən yerlərdə qarşıya çıxır. Yaxşı olar, yaşayış modelinizi bir daha gözdən keçirəsiniz. Bu, heç də o demək deyildir ki, siz öz prinsiplərinizi pozursunuz.

DOLÇALAR tanışlarının iç üzünü görəcəklər. Amma insanlardan nə ümidi üzmək, nə də onları ideallaşdırmaq lazım deyil. Hamımızın özünəməxsus qüsur və zəif cəhətləri var. Siz də süddən çıxmış ağ qaşıq deyilsiniz. Ola bilsin, sizi incidənlər insafa gələcək və sizə münasibətlərini dəyişdirəcəklər. Münasibətləri daha da gərginləşdirməmək üçün özünüz nəzakət timsalı olmalısınız.

BALIQLARA qarşıdakı perspektivlər bir qədər dumanlı görünəcək. Onların uğur qazanacağı və ya ziyana düşəcəyi məlum deyil. Vaxtı gələndə hər şey ortalığa çıxacaq. Yalnız tələsməyin, onda lazım gəlsə, manevr edib vəziyyətdən çıxa bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə